“Bu şəxslərin azadlığa buraxılma ehtimalı böyükdür” – DEPUTAT
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.
Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir.
Məlumata görə, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi ehtimal edilir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Musavat.com-a açıqlamasında vurğulayıb ki, bu ilin əvvəlindən ictimaiyyətdə “Konstitusiya və Suverenlik İli” münasibətilə ya əfv sərəncamının imzalanacağı, ya da amnistiya aktının qəbul ediləcəyi barədə fikir dominantlıq edirdi:
“İlin sonu yaxınlaşdıqca nigaranlıq var idi. Şükürlər olsun ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev amnistiya elan olunması ilə bağlı təşəbbüslə çıxış edib. Konkret hansı kateqoriyadan olan şəxslərin amnistiyaya düşmə ehtimalı barədə artıq məlumat verilib. Gözlənti bundan ibarətdir ki, bu vaxta qədər qəbul edilmiş ən böyük amnistiya aktı ola bilər çünki bir çox kateqoriyadan olan şəxsi əhatə edir. Amnistiyanın kateqoriyalara bölünməsi faktı da bunu deməyə əsas verir. İlkin ehtimala görə, amnistiya 20 mindən çox şəxsə şamil olunacaq. Təbii ki, gözləntilərimiz odur ki, tanınmış şəxslər, az ağır cinayət törətmiş şəxslər, eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda xidməti olan şəxslər amnistiyaya düşməlidirlər. İstərdik, ilin sonu daha çox ailə sevinsin. Bu, Prezidentin atdığı növbəti humanist addımdır. Bu humanizm prinsipindən daha çox insanın yararlanmasını istəyirik. Daha çox ictimai diqqət mərkəzində olan şəxslərin amnistiya aktı ilə azadlığa buraxılma ehtimalı böyükdür. Biz dəfələrlə buna şahidlik etmişik ki, ciddi problemli insanlar amnistiya aktı ilə azadlığa buraxılıb”.