NIPA-30

Rusiya Abbas Abbasovu təhvil verməlidir! – DEPUTATLAR

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.

Milli Məclisin deputatları Modern.az-a açıqlamalarında Abbas Abbasovla bağlı qərara münasibət bildiriblər.

Milli Məclisin hüquqşünas deputatı Arzuxan Əlizadə də vurğulayıb ki, Abbas Abbasovun Ramiz Mehdiyevlə əlaqələrinin olması sirr deyildi:

“Mehdiyevlə bağlı cinayət işi çərçivəsində Abbas Abbasov da axtarışa verilib. Abbas Abbasovun, əslində, Ramiz Mehdiyevlə əlaqələrinin olması sirr deyildi. 2012-ci ildə “Milyarderlər ittifaqı”nın yaradılmasında da xüsusi xidmətləri, rolu olub. O zaman qurumun təsisçilərindən biri kimi qeydiyyatdan keçmişdi. Qurum prezident seçkilərində namizədlə çıxış etmək, prezident seçkisinə təsir etmək məqsədi daşıyıb və Rusiyadan maliyyələşdirilib və istiqamətləndirilib. Abbas Abbasov bu qurumun əsas fiqurlarından biriydi. O, YAP-da yüksək səviyyətə təmsil olunub, Baş nazirin birinci müavini olub. 2006-cı ildə vəzifəsindən azad ediləndən sonra Rusiyaya köçüb. Rusiyanın himayəsində olan adamlardan biridir”.

A.Əlizadə vurğulayıb ki, Rusiya Abbas Abbasovu təhvil verməyə borcludur:

“Yəqin ki, hüquq-mühafizə orqanları onun Azərbaycana qaytarılması ilə bağlı məsələ qaldıracaq. Azərbaycanla Rusiya arasında hüquqi yardım haqqında anlaşmalar var. Bu müqavilələrə müvafiq olaraq da Rusiya onu Azərbaycana təhvil verməyə borcludur. İndi Rusiya onu verəcək-verməyəcək, bu başqa mövzudur. Ancaq istənilən halda hüquq-mühafizə orqanları tərəfindən müraciət olacaqsa, onu qaytaracaqlar. Ramiz Mehdiyevə qarşı irəli sürən ittihamlar ciddi məsələlərdir. Hətta bu cinayətlərə görə ömürlük həbs də verilə bilər. Onun ətrafında olan şəxslərin də məsuliyyət dərəcələri müəyyənləşdiriləcək. Kimin hara qədər fəaliyyət göstərdiyi müəyyənləşəcək və buna uyğun müvafiq maddələr üzrə hökm oxunacaq”.