NIPA-30

2026-cı il sülh ili ola bilərmi? – Deputatlar danışdı

Azərbaycan və Ermənistan arasında onilliklər davam edən münaqişənin həlli istiqamətində ən mühüm addım 2025-ci il avqustun 8-də Vaşinqtonda atılıb. ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş nazir Nikol Paşinyan Birgə Bəyannamə imzalayıb, xarici işlər nazirləri isə “Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” müqavilənin 17 maddəlik mətnini paraflayıblar. Bu sənəd hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, sərhədlərin delimitasiya və demarkasiyasını, nəqliyyat kommunikasiyalarının açılmasını və diplomatik əlaqələrin qurulmasını nəzərdə tutur. Paraflanma uzunmüddətli danışıqların nəticəsi olaraq tarixi nailiyyət hesab olunur və bölgədə davamlı sülhün əsasını qoyur.

Paraflanmadan sonra diqqətlər müqavilənin tam imzalanmasına yönəlib və 2026-cı il bu baxımdan əsas gözlənti ili kimi qəbul edilir. Azərbaycan tərəfi Ermənistan Konstitusiyasında ərazi iddialarını əks etdirən maddələrin dəyişdirilməsini ön şərt qoyduğundan, İrəvanın bu prosesi 2026-cı ildə başa çatdırması planlaşdırılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamalarında iki ölkənin sülh müqaviləsinə “heç vaxt olmadığı qədər yaxın” olduğunu bildirib və paralel olaraq Türkiyə-Ermənistan normallaşmasında da simvolik addımların 2026-cı ilin əvvəlində atılacağını qeyd edib. Beləliklə, 2026-cı il Cənubi Qafqazda yeni sülh erasının başlanğıcı kimi gözlənilir və region ölkələri bu tarixi anı böyük ümidlə izləyir. Bəs 2026-cı il, həqiqətən, sülh ili ola bilərmi?

Crossmedia.az məsələ ilə bağlı Milli Məclis deputatlarının fikirlərini öyrənib.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Arzuxan Əlizadə: “Mən hələ bir müddət  əvvəl də öz proqnozumu açıqlamışdım ki, Ermənistanda 2026-cı ilin may ayında keçiriləcək parlament seçkiləri baş tutmadan və Nikol Paşinyan həmin seçkilərdə növbəti dəfə qalib gəlmədən Ermənistan–Azərbaycan arasında sülh müqaviləsinin imzalanması real görünmür. Bunun əsas səbəbi Azərbaycanın ortaya qoyduğu konkret və prinsipial şərtlərdir. Ermənistanın üzərinə götürdüyü öhdəliklər var və həmin öhdəliklərin başında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı mövcud olan ərazi iddialarının çıxarılması dayanır. Bu isə yalnız referendum yolu ilə, yəni Konstitusiya dəyişiklikləri vasitəsilə mümkündür. Paşinyanın seçkilərə qədər referendum keçirməsi və Konstitusiyada dəyişikliklərə getməsi isə real hesab olunmur. Mən bunu əvvəldən də açıq şəkildə qeyd etmişdim. Ən yaxşı halda, 2026-cı ilin sonlarına doğru Ermənistanda referendumun keçirilməsi və Konstitusiyaya dəyişikliklərin edilməsi ehtimalı mövcuddur. Hazırda müəyyən gözləntilər var ki, parlament seçkiləri ilə paralel şəkildə referendum da keçirilə bilər və Konstitusiya dəyişiklikləri eyni vaxtda reallaşdırılsın. Lakin bu ssenari çox az ehtimal olunur”.

A.Əlizadə bildirib ki,  Paşinyanın hazırkı əsas prioriteti 2026-cı il seçkilərində qələbə qazanmaqdır: “Seçkilərdə uğur əldə etmək üçün isə o, Konstitusiya dəyişikliklərinə əvvəlcədən getməyi məqsədəuyğun saymır. Belə bir addım ölkə daxilində ona qarşı olan müxalif qüvvələrin daha da güclənməsinə səbəb ola bilər və Paşinyan bu riskin fərqindədir. Məhz buna görə də onun planı ilk növbədə seçkilərdə qalib gəlmək, hökuməti yenidən formalaşdırmaq, bundan sonra isə Konstitusiya dəyişiklikləri və referendum məsələsini gündəmə gətirməkdən ibarətdir. Bu baxımdan hesab edirəm ki, ən real ssenari 2026-cı ilin sonlarına doğru mümkündür. Əgər Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edilərsə və Azərbaycanın irəli sürdüyü digər şərtlər də qəbul olunarsa, məhz bundan sonra – yəni Konstitusiya dəyişikliklərindən sonra – sülh müqaviləsinin imzalanması prosesinə şahidlik edə bilərik”.