NIPA-30

“Belə böyük əhatəli amnistiyanın “Konstitusiya və Suverenlik İli”ndə qəbul edilməsi, minlərlə ailəyə sevinc bəxş edəcək” – DEPUTAT

Prezident İlham Əliyev genişmiqyaslı amnistiya təşəbbüsü ilə çıxış edib. Dövlət başçısının Milli Məclisə təqdim etdiyi amnistiya aktı minlərlə məhkumun cəzadan azad olunmasını və ya cəzasının yüngülləşdirilməsini nəzərdə tutur.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ilin Suverenlik və Konstitusiya ili olması nəzərə alınmaqla ilin əvvəlindən əslində ya əfv sərəncamı, ya amnistiya aktının ola biləcəyi ehtimalı var idi və bu məsələ gündəmdə müzakirə mövzusu idi, nəticə etibarilə Azərbaycan Prezidenti cənab İlham Əliyev amnistiya aktı qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Deputatın fikrincə, gözləntilər kifayət qədər böyükdür.

“Budəfəki amnistiya aktının əvvəlkilərdən daha böyük və daha çox insanı əhatə edə biləcək amnistiya aktı olması gözlənilir. İlkin ehtimallara görə, kateqoriyalara bölünüb. Həmin kateqoriyaları differensasiya etməklə, ehtimal bundan ibarətdir ki, budəfəki amnistiya aktı 20 mindən çox adama şamil oluna bilər. Təbii ki, bu da olduqca təqdirəlayiqdir və konstitusiya və suverenliyi ilində belə böyük, əhatəli amnistiyanın qəbul edilməsi minlərlə ailəyə sevinc bəxş edilməsi və minlərlə məhbusun azadlığa qovuşması deməkdir”-deyən deputat bildirib ki, bu da növbəti bir humanist addım olaraq Azərbaycanın tarixinə düşəcək.

“Bu amnitiya aktının daha çox insanı əhatə etməsini gözləyirik. Hər kəsin istəyidir. Amnistiya aktının reallaşması ilə gözləntilərimiz doğruacaq”-deyə Arzuxan Əlizadə bildirib.