Arzuxan Əlizadə: “Rusiya–Ukrayna müharibəsinin qısa müddətdə dayandırılması real görünmür”
Rusiya–Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb və bu günə qədər davam edir. Müxtəlif ölkələrin tərəflər arasında sülhün əldə olunması üçün göstərdiyi səylərə baxmayaraq, bu cəhdlər hələlik nəticəsiz qalıb. ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəlməzdən əvvəl Rusiya ilə Ukrayna arasında sülhü 24 saat ərzində təmin edəcəyinə dair vədlər versə də, bu istiqamətdəki təşəbbüslər uğur qazanmayıb.
Milli Məclisin deputatı Arzuxan Əlizadə “Paraqraf.com”a açıqlamasında bildirib ki, fevral ayında müharibənin başlamasından dörd il ötəcək:
“Rusiya rəsmiləri müharibənin ilk günlərində bir neçə gün ərzində Kiyevi nəzarətə götürəcəklərini bildirirdilər. Onlar Ukrayna əhalisinin Rusiya ordusunu ‘gül-çiçəklə’ qarşılayacağını və hakimiyyətin tez bir zamanda dəyişəcəyini düşünürdülər. Lakin hadisələr tam fərqli inkişaf etdi. Ukrayna xalqı güclü müqavimət göstərdi və artıq dörd ilə yaxındır ki, Rusiya qarşıya qoyduğu məqsədlərə nail ola bilmir. Hazırda Ukrayna ərazisinin 20 faizdən çoxu işğal altındadır və bir neçə vilayət Rusiyanın nəzarətindədir”.
Arzuxan Əlizadə Donald Trampın prezident seçildikdən sonra müharibəni qısa müddətdə dayandıracağına dair verdiyi vədlərə də toxunub:
“Bu gündə Trampın səyləri davam etməkdədir. Amma Trampın fəaliyyəti Rusiya reveranslar edilməsi ilə yadda qalır. Ukraynaya təzyiq etmək yolu ilə müharibəni dayandırmaq istəyirlər. Bu da mümkün olan deyil. Çünki Rusiya işğal etdiyi əraziləri onun xeyrinə rəsmiləşdirilməsini istəyir. Ukrayna isə bununla heç bir halda razılaşmayacaq. Buna görə də razılşamalar da hələ ki, yekunlaşmaq çətinliyi ilə üz-üzədir”.
Deputatın sözlərinə görə, müharibənin yaxın zamanda başa çatması mümkün görünmür:
“Hazırkı mərhələdə Rusiya–Ukrayna müharibəsinin qısa müddətdə dayandırılması qeyri-mümkündür. Müəyyən danışıqlar aparılsa da, tərəflərin mövqeləri uzlaşmır. Nəticədə müharibə davam edir, hər gün yüzlərlə dinc sakin həlak olur, Ukraynanın şəhərləri və infrastrukturu dağıdılır. Eyni zamanda, hərbi əməliyyatlar artıq Rusiya ərazisinə də keçib. Qarşılıqlı hücumların davam etməsi onu göstərir ki, münaqişə hələ uzun müddət gündəmdə qalacaq”.