NIPA-30

Deputat: “Azadlıq elə şirin şeydir ki, onu dadanlar bilirlər ki, təcridxanada bir gün artıq qalmaq nə deməkdir…”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə amnistiya aktının azadlığa çıxmasına çox az müddət qalmış şəxslərə də şamil edilməsinin nəhəng layihəyə kölgə salan addım kimi dəyərləndirilməsini tənqid edib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, amnistiya aktı kifayət qədər əhatəli sənəddir.

A.Əlizadə qeyd edib ki, son amnistiya aktı müstəqil Azərbaycanın əhatəsinə və təsir dairəsinə görə ən böyük amnistiya aktı kimi xarakterizə olunur: “Mütəxəssis hesablamalarına istinad edərək deyirəm ki, təxminən, 20 min civarında şəxsi əhatə edir, 8 min nəfərə yaxın məhbusun, ümumiyyətlə, azadlıqdan məhrum edilmə yerlərindən buraxılması gözlənilir. Təbii ki, cəzasının bitməsinə çox az müddət qalan şəxslər də var. Amnistiya aktı birmənalı olaraq onlara da şamil ediləcək. Onların sayı barədə dəqiq statistik məlumat yoxdur. Bu, bir neçə nəfər də, əlli-yüz nəfər də ola bilər. İstənilən halda, azadlıq elə şirin şeydir ki, onu dadanlar bilirlər ki, təcridxanada bir gün artıq qalmaq nə deməkdir. Bu baxımdan, hər kəsin azadlığa qovuşması elə amnistiya aktının özəlliyindən xəbər verən amildir. Amnistiya aktı sərəncamından fərqli olaraq konkret şəxslərə deyil, ümumilkdə müxtəlif kateqoriyalardan olan, müxtəlif cəzalara məhkum edilmiş şəxslərə tətbiq edilir. Buna görə də əhatə dairəsi genişdir. Akt cəzaçəkmə müddəti az olana da, azadlığa çıxmasına bir neçə gün, yaxud bir neçə il qalanlara da şamil edilə bilər.  Amnistiya aktı ilə bağlı hansısa neqativ fikir səsləndirilməsi tamamilə qəbuledilməzdir. Bu akt yalnız təqdir oluna bilər. Bilirsiniz ki, artıq müstəqil Azərbaycanın 12-ci amnistiya aktıdır. Eyni zamanda buna qədərki dövrdə 71 əfv sərəncamı imzalanıb. Təxminən, bu humanist addım keçən dövr ərzində 130 mindən artıq şəxsə şamil edilib. Bunu yalnız müsbət mənada təqdir etmək lazımdır. Minlərlə insanın, ailənin sevincinə səbəb ola biləcək aktdır. Təbii ki, belə bir sənədin qəbuluna birmənalı olaraq təqdirolunma prinsipi ilə yanaşılmalıdır”.