NIPA-30

Deputat: “Azərbaycanı regionun liderinə çevirən Ali Baş Komandanın fəaliyyəti ölkəmizin çəkisini artırdı”

“Bu gün, 24 dekabr, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Mən, şəxsən partiya sədri olaraq, cənab prezidentə təbrik məktubu ünvanlamışam”

Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O, diqqətə çatdırıb ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edib və regionda lider mövqeyini gücləndirib:

“Onu həm gördüyü işlərə görə, xüsusilə 2020-ci ildə Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması istiqamətində Ali Baş Komandan olaraq atdığı addımlara görə, həm də sonrakı dövrdə, o cümlədən 2023-cü il antiterror əməliyyatı və əvvəlki antiterror əməliyyatları ilə, eləcə də 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə həyata keçirilmiş son antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsindəki töhfələrinə görə xüsusi olaraq qiymətləndirib təbrik etmişik.

O zaman da, indi də bir daha sizin vasitənizlə cənab prezidentə təbriklərimi çatdırmaq istəyirəm. Onun yürütdüyü, xüsusilə çoxvektorlu xarici siyasət Azərbaycanın yalnız regionda deyil, qlobal miqyasda da ciddi və yüksək imicə malik dövlət olaraq tanınmasında xüsusi əhəmiyyət kəsb edir. Cənab prezident çoxvektorlu siyasət yürütməklə Azərbaycanı regionun lider dövlətinə çevirib.

İqtisadi və logistik imkanlar baxımından Azərbaycan çox strateji coğrafiyada yerləşir, Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Amma bütün bu imkanlardan maksimum istifadə etmək siyasi iradə, uzaqgörənlik və yüksək bacarıq tələb edir ki, bütün bunları Azərbaycan prezidenti bacarıqla həyata keçirib. Bu gün regionda hər hansı bir layihənin gerçəkləşməsi üçün Azərbaycanın iştirakı vacibdir.

Regionda reallıqlar 2020-ci ildən sonra dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yeni reallıqlar yaradıb ki, Amerika Birləşmiş Ştatları, Çin, Böyük Britaniya və digər dövlətlər, xüsusilə region ölkələri bu reallıqlarla barışmağa məcburdur. Azərbaycanın önəmi və çəkisi artıb, dövlətimizə və Prezidentə yönəlik münasibət yaxşı mənada dəyişib.

Azərbaycan Türk Dövlətləri Təşkilatının dominant üzvlərindən biridir və cənab prezidentin dediyi kimi, bizim istiqamətimiz Türk ailəsinə doğrudur. Təşkilatın dominant üzvü olaraq Azərbaycanın gördüyü işlər yüksək səviyyədədir. Eyni zamanda, Azərbaycan Asiya və Avropa ölkələri ilə, dünyanın bir sıra aparıcı dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlər formalaşdırıb və bu istiqamət davam edir.

Bu çətin və şərəfli işdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə uzun ömür və uğurlar arzu edirəm. Bundan sonra da Azərbaycan naminə böyük uğurlar arzulayıram və ümid edirəm ki, bütün bu arzular reallaşacaq. Bir daha cənab prezidenti doğum günü münasibətilə təbrik edirəm”-, parlamentari deyib.