NIPA-30

Bayılda avtovağzal inşa olunsun! – TƏKLİF

Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin yerləşdiyi ərazi uzun illərdir cəmiyyətin müzakirə mərkəzindədir. Belə ki, paytaxtın əsas giriş-çıxış nöqtələrindən biri olan bu nəqliyyat qovşağının şəhərsalma baxımından əlverişli mövqedə yerləşmədiyi, ətraf ərazilərdə nəqliyyat sıxlığı yaratdığı və sərnişin rahatlığı baxımından müasir tələblərə tam cavab vermədiyi tez-tez vurğulanır. Bütün bu müzakirələr fonunda avtovağzalın yerinin dəyişdirilib-dəyişdirilməməsi məsələsi də gündəmə gəlir.

Bir çoxlarının fikrincə, mövcud məkan optimal hesab edilə bilməz və alternativ ərazilərə köçürülməsi daha məqsədəuyğun ola bilər. Belə olan halda isə hansı istiqamətin daha uyğun olacağı sualı aktuallaşır. Bununla yanaşı, avtovağzalın memarlıq, eləcə də binanın estetik baxımdan şəhər mühitinə uyğunlaşmadığı, funksional planlaşdırma baxımından gözləntiləri doğrultmadığı da qeyd olunur.

Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinArzuxan Əlizadə məsələyə öz münasibətini bildirərək, avtovağzalın yerinin məkan baxımından dəyişdirilməsinin zəruri olduğunu düşünmədiyini qeyd edib. Onun sözlərinə görə, avtovağzal şəhərin şimal girişində yerləşir və “Avtovağzal” metro stansiyasına yaxındır. Bundan əlavə, yol infrastrukturu baxımından da Bakı ətraf dairəvi yoluna çıxışı mövcuddur.

“Lakin binanın özünün dizaynı və quruluşu ilə bağlı dəyişikliklərin nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Bu mövzuda fərqli mövqelər ola bilər, amma mənim fikrimcə, daha müasir dizaynlı və müasir tələblərə cavab verən bir avtovağzalın inşa edilməsi daha məqsədəuyğundur”.

Sədr müavini həmçinin vurğulayıb ki, bundan əlavə, şəhərin qərb istiqamətindən girişində də yeni bir avtovağzalın inşa edilməsi məsələsinə baxıla bilər:

“Bu mövzuda xüsusilə nəqliyyat sahəsi üzrə mütəxəssislərin mövqeyinin öyrənilməsi daha düzgün yanaşma olardı. Şəhərin bir tərəfdən şimal girişində, digər tərəfdən isə cənub-qərb istiqamətində – Bayıl ərazisi istiqamətində, əlavə avtovağzalların olması qərb, cənub və şimal rayonlarına hərəkətin daha səmərəli təşkili baxımından faydalı ola bilər”,- deyə o A.Əlizadə bildirib.