NIPA-30

“Prezident həm dostlarımıza, həm düşmənlərimizə mesajlar verdi” – Deputat

“Azərbaycan beş il əvvəl 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad edərək böyük Zəfər qazandı. Daha sonra isə bir günlük antiterror əməliyyatları ilə Qarabağdakı separatçı rejimin varlığına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da regionda yeni reallıqlar yarandı. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra çox acınacaqlı və dəhşətli bir mənzərə ilə qarşı-qarşıya qaldıq. Faktiki olaraq düşmən 30 il ərzində bütün infrastrukturu sıradan çıxarmış, yaşayış evləri, inzibati binalar, hətta məzarlıqlar, yəni ərazidə nə varsa hamısı yerlə-yeksan edilmişdir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O bildirib ki, Azərbaycan dövləti ərazilərimizi yenidən qurmğa başladı, genişmiqyaslı və sürətli bərpa-quruculuq işlərinə start verildi.

“Azərbaycan dövləti beş il ərzində azad edilmiş ərazilərdə misli görünməmiş işlər həyata keçirib. Üç böyük beynəlxalq əhəmiyyətli hava limanı istifadəyə verilib, Füzuli, Zəngəzur, eləcə də Laçında, yollar çəkilib, dəmir yolları xətləri bərpa olunmaqdadır, insanlarımız öz yurd-yuvasına qayıdır. Böyük Qayıdış proqramı çərçivəsində artıq 10 minlərlə sakin öz doğma el-obasına geri dönüb. Bu proses çox uğurla davam edir”.

Deputat əlavə edib ki, Prezident mütəmadi olaraq azad edilmiş ərazilərdə yeni infrastruktur layihələrinin həm təməlqoyma mərasimlərində, həm açılışlarında şəxsən iştirak edir:

“Dövlət başçısı bayram günlərində, ad günündə azad olunmuş ərazilərə səfərlər edir, insanlarla görüşüb, onlara mənzillərinin açarlarını şəxsən təqdim edir. Dekabrın 24-də dövlət başçısı ad gününü növbəti dəfə Ağdama geri qayıdan vətəndaşlarla birgə keçirdi. Prezident İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban Əliyeva bu proseslərdə mütəmadi olaraq şəxsən iştirak edirlər. Prezident hər dəfə sakinlər qarşısındakı çıxışında faktiki olaraq çox ciddi mesajlar verir. Bu mesajlar həm dostlarımıza, həm düşmənlərimizə ünvanlanır. Ermənistan tərəfə ciddi mesajlar verilir ki, onların 30 il ərzində darmadağın etdikləri ərazilərimiz yenidən qurulur, bərpa edilir. Bütün dünyaya bu mesajlar verilir.

Təəssüflər olsun ki, dünyanın müəyyən bir qismi, Avropa Parlamenti başda olmaqla bəzi beynəlxalq təsisatlar, bütün bunları görməzdən gəlirlər. Azərbaycan torpaqları 30 il ərzində işğal altında olanda səslərini çıxarmayan, faktiki olaraq işğala rəvac verən, işğalçıya dəstək göstərən həmin qurumlar bu gün Azərbaycanın üzərinə gəlməyə qalxırlar və cənab Prezidentin verdiyi mesajlar əslində ən çox da elə onlara ünvanlanıbdır ki, biz öz gücümüzə beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirmişik. Biz bu yolda dayanmadan irəliləyirik və heç kim bu proseslərin qarşısını ala bilməz. Bu gün Azərbaycan regionun əsas ölkəsidir. Bundan narahat olan qüvvələr var, Prezidentin mesajı həm də onlara yönəlibdir ki, Azərbaycanın inkişafından, möhkəmlənməsindən, bütövlükdə Türk dünyasının güclənməsindən narahat olan qüvvələr qoy narahat olmaqda davam etsinlər. Biz öz yolumuzla gedirik, ədaləti, haqqı bərpa etmişik. Bu baxımdan təbii ki, Azərbaycanın həm iqtisadiyyatı güclənməkdə davam edir, infrastruktur layihələri həyata keçirilir, kommunikasiya qovşaqları genişlənir, ölkəmizin Azərbaycanın əhəmiyyəti də günü-gündən artır”.