NIPA-30

Təyyarəmizin vurulmasının 1 ili tamam olur: Rusiya niyə hələ də istintaqın uzadılmasına çalışır?

“Ötən ilin dekabrın 25-də AZAL-a məxsus təyyarənin vurulmasından bir il keçməsinə baxmayaraq, təəssüf ki, Rusiya bu məsələyə hələ də adekvat münasibət bildirməyib. Proses əvvəlki kimi davam edir. Prezidentlərin Düşənbədə keçirilən görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidentindən üzr istədiyinin şahidi olduq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

O bildirib ki, eybi zamanda Rusiya Prezidenti bu məsələ ilə bağlı ciddi addımlar atılacağını, günahkarların cəzalandırılacağını, təzminatın ödəniləcəyini və digər məsələlərin həll ediləcəyini vəd etdi:

“Lakin bütün bu açıqlamalara baxmayaraq, real nəticə yoxdur. Məsələ olduğu nöqtədə qalıb. Bu vəziyyət Azərbaycan–Rusiya münasibətləri haqqında imzalanmış müttəfiqlik xarakterli dövlətlərarası müqavilənin ruhuna uyğun deyil və Rusiyanın Azərbaycanla münasibətlərin normallaşması istiqamətində real addım atmadığını göstərir. Təəssüf ki, Rusiya Prezidenti mövqe bildirsə də, bu mövqenin əməli addımlarla müşayiət olunduğuna şahid olmuruq”.

Deputat qeyd edib ki,  sabah hadisədən tam bir il ötür:

“İstintaqla müəyyən edilib ki, təyyarə sözün əsl mənasında kənar müdaxilə nəticəsində vurulub. Bu, artıq əlavə izaha ehtiyac duymayan faktdır. Ancaq reallıqda qarşı tərəfdən hələ də açıq və adekvat münasibət görmürük.

Məhz bu amil Azərbaycan–Rusiya münasibətlərinin soyuq məcrada davam etməsinin əsas səbəblərindən biridir. Rusiya beynəlxalq hüquq normalarına uyğun reaksiya vermədiyi müddətdə bu vəziyyət dəyişməyəcək. Münasibətlərin normallaşması yalnız Rusiyanın bu məsələyə sözdə deyil, əməldə açıq və adekvat reaksiya verməsi ilə mümkün ola bilər”.