NIPA-30

Arzuxan Əlizadə: “Ermənistanda benzinimizə ona görə maraq böyükdür ki, iqtisadi baxımdan sərfəlidir”

Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. O, Azərbaycan yanacağı almaq üçün yaranan növbələr barədə məlumat alıb.

“Sülh bərqərar olub, əməkdaşlıq cəhdləri var, amma bu, hələ lazım olan yolu tam keçdiyimiz demək deyil. Ermənistan Azərbaycanla birbaşa ticarət əlaqələrinin qurulması məsələsini müzakirə edir. Hesab edirəm ki, biz sülhün institusionallaşması istiqamətində nə qədər irəliləsək, cəmiyyətimizdəki psixoloji baryerlər bir o qədər aradan qalxacaq və əməkdaşlıq təcrübəsi artdıqca bu cür ssenarilər daha real görünəcək”, deyə Mirzoyan vurğulayıb.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, bu kimi iqtisadi əlaqələr iki cəmiyyət arasında olan gərginliyi azaldacaq: “Nəticədə tərəflər arasında qarşılıqlı nifrət azalacaq. Demirəm ki, bu bütün erməni cəmiyyətinə müsbət təsir edəcək. Təbii ki, bu mümkün deyil. Ona görə ki, erməni cəmiyyətinin bir hissəsi xəstədir, revanşist mövqedən çıxış edirlər. Onlar heç vaxt bu kimi əlaqələrə müsbət yanaşmayacaqlar. Həm də ona görə ki, kənar təsirlər altındadılar. Bir tərəfdən Rusiya radikal kəsimdən öz siyasi məqsədləri üçün istifadə edir. Digər tərəfdən xaricdəki erməni lobbisi prosesləri körükləməyə çalışır. Ancaq hesab edirəm ki, onların sayı elə də çox deyil. Ermənistan cəmiyyətinin böyük hissəsi müharibəyə qarşıdır. Azərbaycan benzininə ona görə maraq böyükdür ki, iqtisadi baxımdan sərfəlidir. Çünki onun Ermənistana daşınması ucuz başa gəlir. Bu da Ermənistan kimi yanacağı idxal edən ölkə üçün sərfəlidir. Bir var Rusiya kimi uzaq ölkədən Ermənistana yanacaq gətirəsən. Bir də var ki, Azərbaycan kimi yaxın qonşu ölkədən idxal edəsən. İki ölkə arasında digər məsələlərin həlli daha çox Ermənistandan asılıdır”.