NIPA-30

Prezidentdən xüsusi mesaj: “Hökumət addımlar atacaq”

“Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır”. 

Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan iqtisadi islahatlar həyata keçirərək, neft-qaz layihələrini icra edərək əldə edilən gəlirləri sosial sahəyə yönəldib: 

“İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur”. 

Vaxtilə bu sahədə olan pozuntuların, ədalətsizliklərin aradan qaldırıldığını, şəffaf mexanizmin tətbiq olunduğu qeyd edən Azərbaycan Prezidenti bildirib: 

“Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir”. 

Qeyd edək ki, son 7 il ərzində Azərbaycanda insanların sosial rifahının gücləndirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu dövrdə həyata keçirilən 5 sosial islahat paketi ölkənin sosial siyasətinin əsas prioritetlərindən biri kimi çıxış edib və geniş əhali kütləsini əhatə edib. 

Bu isə aztəminatlı ailələr, pensiyaçılar, şəhid ailələri, əlilliyi olan şəxslər, müharibə iştirakçıları, tələbələr, gənclər, dövlət qulluqçuları və digər sosial qrupları əhatə edən çoxşaxəli dəstək mexanizmlərini əhatə edir. 

İslahatlar çərçivəsində minimum əməkhaqqı və pensiyaların artırılması, sosial müavinət və təqaüdlərin yüksəldilməsi, aztəminatlı ailələrə ünvanlı sosial yardımın əhatəsinin genişləndirilməsi, əmək bazarında şəffaflığın artırılması və qeyri-rəsmi məşğulluğun azaldılması kimi mühüm istiqamətlərdə tədbirlər görülüb. 

Bu 5 sosial islahat paketinə yönəldilən təqribən 8 milyard manatlıq vəsait göstərir ki, Azərbaycan dövləti öz vətəndaşının sosial müdafiəsini gücləndirməyə davamlı şəkildə sadiqdir. Həmçinin, bu addımlar ölkədə sosial sabitliyin qorunmasına, əhalinin rifah halının yüksəlməsinə və insan kapitalının inkişafına xidmət edir. 

Həyata keçirilən sosial islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosialyönlü siyasətin konkret nəticələridir. Bu siyasət növbəti illərdə də davam etdirilərək, daha geniş əhali təbəqələrinin rifahına töhfə verəcək. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, son 7 ildə 5 sosial proqramın icra olunması dövlətin vətəndaşlara verdiyi dəyərin təzahürüdür: 

“Sosial islahat paketlərinin 4 milyona yaxın hissəsini əhatə etməsi də böyük göstəricidir. Bu, ölkə əhalisinin yarısına yaxındır. Pensiyaların, təqaüdlərin indeksləşdirilməsi və artımların olması dövlət proqramının tərkib hissəsidir. 

Təbii ki, sosial proqramlar Azərbaycan vətəndaşının məmnunluğuna və iqtisadi imkanlarının artırılmasına xidmət edir. Dünyada müxtəlif sahələr üzrə qiymət artımları var. Lakin dövlətin bu addımları sayəsində vətəndaşlarımızın ödəmə imkanları artırılır”. 

Millət vəkili diqqətə çatdırıb ki, sözügedən sosial paketlər Azərbaycan vətəndaşının rifah halının yüksəlməsinə hesablanıb: 

“Üstəlik, aztəminatlı təbəqələrin də vəziyyəti daim diqqətdə saxlanılır. Dünən cənab Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsi zamanı bununla bağlı xüsusi mesaj verdi. 

Dövlətimizin başçısı bu məsələlərin diqqətdə olduğunu, həmin insanların da maddi vəziyyətinin yaxşılaşdırılması üçün hökumətin addımlar atacağını bəyan etdi”.