İrandan ölkəmizə qaçqın axını TƏHLÜKƏSİ – Bakıdan ilginc ÇAĞIRIŞ
İranda etirazlar davam edir. Qərb mətbuatı yazır ki, əsas problem İran rejimi deyil, rejimin mümkün süqutundan sonra yaranacaq xaosdur və Trampın qəti addım atmasını da bu ehtimal tormozlayır. Proseslər uzandıqca qeyri-müəyyənlik də artır. Molla rejiminin budəfəki böhrandan çıxa biləcəyi böyük sual altına düşüb. Ölkəni uzun müddətli xaos təhlükəsi gözləyir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, İranda etirazlar səngimir və daha da geniş miqyas alır: “İranda internet bağlantılarına məhdudiyyət qoyulub və artıq İrana zənglər də etmək mümkün deyil ki, daha müfəssəl məlumatlar alınsın. İrana edilən zənglərin qarşısı alınır. Amma bir sıra xarici KİV İrandakı vəziyyət barədə müəyyən yollarla dünya ictimaiyyətinə məlumatlar çatdırır. Onların məlumatlarına əsasən demək olar ki, vəziyyət getdikcə kritikləşir. Tezliklə orada sabitliyə nail oluna biləcəyi çox böyük sual altındadır. İranın teokratik hakimiyyətinin siyasəti, nüvə proqramı siyasəti bu ölkəni elə bir həddə gətirib çatdırıb ki, nə qədər paradoksal olsa da özlərinin bu prosesin qarşısını ala biləcəyi, etirazları sakitləşdirə biləcəyi müşkül görünür və xarici müdaxilə qaçılmaz olacaq. Molla rejimi elə bir həddə çatdırıb ki, prosesin qarşısını almaq iqtidarında deyil. Elə vəziyyət yaranıb ki, İranın taleyi ABŞ prezidenti Trampın verəcəyi qərarlardan daha çox asılıdır. Yekun nəticə ABŞ-nin verəcəyi qərardan daha çox asılıdır”.
Deputat hesab edir ki, hətta rejim öz mövcudluğunu qoruyub saxlayacaqsa belə, əvvəlki kimi idarə etmək imkanlarına malik olmayacaq:
“Bu, birmənalıdır. Çünki çox dərin bir uçurum əmələ gəlib. Qonşu dövlət olaraq bizi İranda baş verən hadisələr ciddi narahat edir. Xüsusilə orada 40 milyona yaxın soydaşımızın yaşadığını nəzərə alsaq bizim üçün ilk növbədə mövcud durumu diqqət mərkəzində olmalıdır. Hesab edirəm ki, ABŞ tərəfindən İranla bağlı veriləcək istənilən qərar Azərbaycanla da bu və ya digər formada korrektə edilməlidir. İrandakı hadisələrə müdaxilə edilərkən Azərbaycan Respublikasının rəyi və mövqeyi nəzərə alınmalıdır. Xüsusilə, hərbi müdaxilə olacaqsa, qaçqın axınının olacağı ehtimalı Azərbaycan və Türkiyə ilə də koordinasiya olunmalıdır”.