“Rusiya postsovet məkanına qarşı yeni dalğa başladıb” – Deputatdan İLGİNC açıqlamalar
Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə ilk qonağı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadədir. Deputat üç qonşu ölkə – İran, Rusiya və Ermənistanla bağlı suallarımızı cavablandırıb:
– Arzuxan bəy, cənub qonşumuzda etirazlar səngiyib. Demək olar ki, proses bitdi, yoxsa yeni dalğasını gözləyirsiniz?
– İranda hadisələr Tehran bazarından başlamışdı. Tacirlər dolların bahalaşmasına, milli valyutanın dəyərini itirməsinə, üzləşdikləri problemlərə etiraz edirdilər. Bu etirazlar sonra ölkənin bir çox yerlərinə sıçradı. İndi gərginlik müəyyən qədər səngiyib, amma buna səbəb olan poblemlər aradan qalxmayıb. Əksinə, etirazçıların qətli, ölkənin ali dini rəhbərininin də təsdiqlədiyi kimi, minlərlə insanın həlak olması faktı var və bu məsələlər həmin sosial problemlərin üstünə gəlib. Ona görə də problemlərin həll olunmaması gərginliyin növbəti dəfə yüksələcəyini göstərir. Hazırda isə müvəqqəti sakitliyin şahidiyik. Bu prosesin təzədən başlayacağını hesab edirəm. Eyni zamanda, İrana kənardan müdaxilə də gündəlikdədir və heç də uzunmüddətli təxirə salınmayıb.
– Şimal qonşumuz da müharibə və gərginlik içindədir. Amma bizə hədyanları davam edir. Son vaxtlar Duqin, Solovyov kimilər Azərbaycanı və digər MDB ölkələrini hədəf alıb. Rusiya bizdən nə istəyir?
– Biz ötən il Düşənbədə Rusiya prezidenti Putinin Azərbaycanın dövlət başçısı ilə üzbəüz müzakirədə üzrxahlığını gördük. Kreml rəhbəri vurulan təyyarəmizlə bağlı öz fikirlərini bildirdi, təzminat olacağına söz verdi, cinayətin məsuliyyətini daşıyanların da cəzalanacağını açıqladı. Bundan sonra Bakı-Moskva xəttində bir yumşalma yaranmışdı. Amma Rusiya prezidentinin Düşənbədə verdiyi vədlərin icrası olmadı, yəni prosesin davamı gəlmədi. Bu azmış kimi, Rusiya İstintaq Komitəsi cinayət işinə xitam verdi və bu haqda Bakıya məktub yolladı. Şübhəsiz ki, yenidən münasibətlərdə soyuqluq əmələ gəldi. İndi Duqin, Solovyov kimilər danışmağa, təhdidlər səsləndirməyə başlayıb. Bu proses Kremldən idarə olunur. Ancaq Azərbaycan təyyarə ilə bağlı beynəlxalq müstəvidə öz hüquqlarını müdafiə edəcək. Üstəlik, Rusiya təkcə bizə yox, digər keçmiş sovet ölkələrinə qarşı da yeni dalğa başladıb. Odur ki, Duqin kimilər özbaşına danışmırlar. Faktiki olaraq, şimal qonşumuz öz ampluasındadır. Yəni azərbaycanlıların həbsi, deportasiyası davam edir.
– Nəhayət, Ermənistan. Moskva bu ölkədə seçkiqabağı müxtəlif layihələr üçün maliyyə ayırır, Rusiya vətəndaşı Karapetyan seçki prosesinə qoşulur, Azərbaycan və Türkiyə isə Paşinyan iqtidarına müəyyən jestlər edir. Kreml İrəvanda iqtidar dəyişikliyinə gedə bilərmi və bu halda, Trampın imzası olan 8 avqust sənədini nə gözləyir?
– Rusiyanın hansı addım atacağını proqnozlaşdırmaq asan deyil. Çünki onun Ermənistana ciddi təsirləri var. Nəzərə alaq ki, Rusiyanın Ermənistanda hərbi-siyasi və iqtisadi gücü qalmaqdadır. Fakt budur ki, Moskva Ermənistanı itirmək istəmir. Amma Paşinyanı başqası ilə əvəzləmək imkanı yoxdur və onun real rəqibi görünmür. Paralel olaraq da Azərbaycan və Türkiyə bu prosesdə fəaldır: 4 erməni məhbusun İrəvana qaytarılması, tranzit qadağasının ləğvi, neft məhsullarının daşınması, Türkiyənin quru sərhədlərlə bağlı hərəkətliliyi Paşinyana ciddi jestlərdir. Düşünürəm ki, bu prosesləri müsbət məcraya yönəltmək mümkün olacaq və ABŞ da siyasi qarantiya rolunu oynayacaq.