NIPA-30

“Avtomobilimiz atəşə tutuldu” – Deputatların 20 Yanvar xatirələri  

Bu gün Azərbaycan cəmiyyəti 20 Yanvar faciəsinin ildönümünü dərin hüzn və ehtiramla xatırlayır. 36 il əvvəl azadlıq və dövlət müstəqilliyi naminə meydanlara çıxan insanlar ağır itkilər bahasına olsa da, iradələrindən geri çəkilmədilər. Həmin günlər yaşından, cinsindən aslıı olmayaraq hər kəs meydanlara axışır, Azərbaycanın müstəqilliyinin ilk addımlarını atırdılar. 

Onlar içərisində hazırda Milli Məclisdə təmsil olunan deputatlar da olub. 

Modern.az prosesin içində olan deputatlarla əlaqə saxlayaraq, həmin günü necə xatırladıqlarını öyrənib. 

Deputat Arzuxan Əlizadə də həmin dövr hadisələrin aktiv iştirakçılarından biri olduğunu söyləyib:

“Tələbə vaxtından Milli Azadlıq Hərəkatına qoşulmuşduq. Proseslərin içərisində idik. 20 Yanvar gecəsi də yaxşı yadımdadır. O vaxt Lenin dairəsi adlanan indiki Sabunçu dairəsində Leninin də heykəli vardı. Bura dörd tərəfdən giriş vardı, həmin yolları bağlamışdıq. O zaman mən Sabunçuda yerləşən Maşınqayırma zavodunda Cəbhənin dayaq dəstəsinin sədri idim. Gənclərlə yolların bir hissəsini bağlamışdıq. Şəhərdə qoşun yeridildiyi ilə bağlı xəbərlər gəlmişdi. Gecə saat 2-yə yaxın bizim olduğumuz əraziyə qoşun yeridildi və bizə geri çəkilmə əmri verdilər. O zaman Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü Samit Bağırov gəlib xahiş etdi ki, çəkilək, çünki artıq şəhərdə qətliam var idi. Biz hesab edirdik ki, atılan güllələr rezin güllələrdir. Tanklarla gəlib başımızın üstündən atəş açdılar. Gecə saat 04:00-da evə çatmışdım, atam gəldi, çox həyəcanlı şəkildə gəlmişdi. Prosesin içərisində oldum. 22 yanvar şəhidlərimizin dəfn günü də yaxşı yadımdadır. Çox böyük faciə yaşadıq. O zaman bizə çox ağır gəlirdi. Əslində mən həmin günü qəhrəmanlıq salnaməsinin bir hissəsi kimi dəyərləndirirəm”.