NIPA-30

Böyük Qayıdışın qarşısındakı əsas maneə: Mina terroru

Otuz ilə yaxın davam edən işğalın və sonrakı müharibələrin ağır mirası olan mina təhlükəsi bu gün Azərbaycanın qarşısında duran ən ciddi humanitar, ekoloji və təhlükəsizlik problemlərindən biri olaraq qalır. Azad edilmiş ərazilərdə basdırılmış minalar təkcə insan həyatına və fiziki təhlükəsizliyə deyil, eyni zamanda torpaq ehtiyatlarına, biomüxtəlifliyə, su mənbələrinə, kənd təsərrüfatına və maddi-mənəvi irsə uzunmüddətli zərər vurur. Partlayıcı qalıqların yaratdığı risklər bölgədə bərpa və quruculuq prosesini ləngidir, əhalinin doğma torpaqlarına təhlükəsiz qayıdışını çətinləşdirir və ekosistemin təbii balansını pozur.

Məhz bu reallıqlar fonunda mina təhlükəsizliyi məsələsinin yalnız hərbi-texniki problem kimi deyil, geniş ictimai, ekoloji və sosial aspektlərdən müzakirəyə çıxarılması zərurəti aktuallaşır. 

Bu baxımdan, mina probleminə dair vahid konsepsiyanın hazırlanması, məsul qurumlar arasında koordinasiyanın gücləndirilməsi və il ərzində ictimai dinləmə formatında geniş müzakirələrin aparılması həm cəmiyyətin məlumatlandırılması, həm də davamlı və təhlükəsiz bərpa prosesinin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilir.

Crossmedia.az məsələ ilə bağlı araşdırma aparıb…

Milli Məclisin deputatı Arzuxan Əlizadə: “Azərbaycan əraziləri təxminən otuz il işğal altında qaldığı dövrdə, həm cəbhənin təmas xətti boyunca, həm də İkinci Qarabağ müharibəsindən sonra təəssüflər olsun ki, “Rusiya sülhməramlı qüvvələri”nin məsuliyyət dairəsində yerləşən ərazilər də daxil olmaqla, Azərbaycan torpaqlarında genişmiqyaslı mina basdırılması və ərazilərin minalarla çirkləndirilməsi prosesi aparılıb. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbədən sonra isə Azərbaycan bu ərazilərin minalardan təmizlənməsi istiqamətində ciddi və sistemli fəaliyyətə başlayıb.

Bu fəaliyyətin əsas icraçısı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA-dır. Təəssüflər olsun ki, son beş il ərzində bu proses itkisiz ötüşməyib və bu faktlar artıq ictimaiyyətə açıqlanıb. 2020-ci ilin noyabr ayından bu günə qədər ümumilikdə 417 nəfər mina qurbanına çevrilib. Onlardan 71 nəfəri həlak olub, 346 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Minalar yalnız insan sağlamlığına deyil, eyni zamanda ətraf mühitə və ekoloji sistemə də son dərəcə ciddi zərər vurur.

Bu gün də ANAMA-nın əməkdaşları böyük fədakarlıqla işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə cəlb olunub və fəaliyyətlərini davam etdirirlər. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında kommunikasiya yarandıqdan sonra belə, Ermənistan tərəfi mina xəritələrinin tam və dəqiq miqyasını Azərbaycan tərəfinə təqdim etməyib. Təqdim olunan xəritələrin doğruluq dərəcəsi cəmi 20–25 faiz civarındadır. Bir çox hallarda erməni tərəfi minaların pərakəndə və plansız şəkildə basdırıldığı da məlumdur ki, bu, mahiyyət etibarilə beynəlxalq humanitar hüquqa zidd olan ağır müharibə cinayətidir. Xüsusilə piyada əleyhinə, tank əleyhinə və digər növ minalardan istifadə etməklə Azərbaycan ərazilərinin çirkləndirilməsi beynəlxalq müharibə cinayəti hesab olunur”.

Deputat əlavə edib ki,  hətta məlumatlar mövcuddur ki, İkinci Qarabağ müharibəsindən sonra belə, “Rusiya sülhməramlıları”nın birbaşa iştirakı və onların məsuliyyət zonasında yerləşən ərazilərə Ermənistandan bir milyondan artıq mina gətirilərək basdırılıb: “Bu minaların istehsal tarixlərinin 2021-ci il və sonrakı illəri əhatə etməsi faktı isə bu məsələnin nə qədər ciddi olduğunu bir daha təsdiqləyir. Təbii ki, mina təhlükəsi ilə bağlı maarifləndirmə işləri aparılır və bu işlər davam etdirilməlidir. Ərazilərin tam şəkildə minalardan təmizlənməsi üçün böyük maliyyə vəsaiti və uzun illər tələb olunacaq. Bu sahədə Azərbaycana dost ölkələr tərəfindən müəyyən dəstək göstərilib, mina təmizləmə üçün texnika, qurğular və avadanlıqlar gətirilib. Lakin prosesin əsas yükü Azərbaycan dövlətinin öz maliyyə imkanları hesabına həyata keçirilir və minatəmizləmə fəaliyyəti hazırda da davam edir.

Milli Məclisdə mina təhlükəsi ilə bağlı icmalı dinləmələrin keçirilməsi nəzərdə tutulub və hesab edirəm ki, bu məsələ daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, bu mövzu yalnız ölkə daxilində maarifləndirmə ilə məhdudlaşmamalıdır. Ermənistanın işğal dövründə törətdiyi vəhşiliklər, müharibə cinayətləri ilə yanaşı, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi faktları da beynəlxalq ictimaiyyətin diqqətinə faktlarla çatdırılmalıdır. Bu faktlar artıq ortadadır və görülən işlər göz qabağındadır.

Bu fəaliyyətin beynəlxalq ictimaiyyətə çatdırılması gələcəkdə bağlanması gözlənilən sülh müqaviləsinə təsir etmək məqsədi daşımır. Bu, bütün dünyaya ünvanlanan açıq mesajdır ki, bu cür müharibə və insanlıq əleyhinə cinayətlərə bundan sonra yol verilməsin. Eyni zamanda, bu cinayətlərə yol vermiş Ermənistanın əvvəlki siyasi və hərbi rəhbərliyində təmsil olunan şəxslər beynəlxalq məsuliyyətə cəlb edilməli və ən azı beynəlxalq ictimaiyyətin ciddi qınağını hiss etməlidirlər.

Ərazilərin minalardan təmizlənməsi son dərəcə vacibdir. Bu, həm təhlükəsizlik, həm ekoloji baxımdan zəruridir, həm də vaxtilə öz dədə-baba yurdlarından didərgin düşmüş bacı-qardaşlarımızın geri qayıtması, həmin ərazilərdə məskunlaşması, infrastrukturun bərpası üçün ilkin və əsas şərtdir. Biz dəfələrlə minatəmizləmə prosesini əyani şəkildə müşahidə etmişik. İşğaldan azad edilmiş ərazilərə səfərlər zamanı bu prosesin nə qədər təhlükəli və məsuliyyətli olduğunu bir daha görmüşük. ANAMA əməkdaşları bu ağır və riskli vəzifəni böyük fədakarlıqla yerinə yetirirlər.

Lakin bütün maarifləndirmə tədbirlərinə baxmayaraq, mina qurbanlarının sayı artıq 400 nəfəri ötüb və təəssüflər olsun ki, insan itkisi ilə nəticələnən hallar da kifayət qədər çoxdur. Məhz buna görə bu sahədə icmalı dinləmələrin keçirilməsi, maarifləndirmə işlərinin gücləndirilməsi, daha çox texnikanın cəlb edilməsi və digər ölkələrin bu prosesdə iştirakının təmin olunması baxımından məsələlərin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ictimailəşdirilməsi olduqca vacibdir”.