NIPA-30

Uşaq hüquqları yeni mərhələdə: valideyn məsuliyyəti və sağlam həyat tərzi tələbi

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan yeni “Uşaq hüquqları haqqında” qanun layihəsi uşaqların fiziki, psixi və sosial rifahının qorunmasını əsas prioritet kimi müəyyən edir.

Layihədə valideynlərin və onları əvəz edən şəxslərin uşaqları dilənçiliyə və avaralığa cəlb etməsi valideynlik hüquqlarından sui-istifadə kimi qiymətləndirilir. Eyni zamanda, uşaqlara alkoqollu və energetik içkilərin, tütün və tütün məmulatlarının satışı qadağan olunur.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında parlament deputatı, İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması hər bir dövlətin sosial siyasətində mühüm yer tutmalıdır və Azərbaycanda da bu istiqamətdə ardıcıl siyasət həyata keçirilir:

“Bu kontekstdə başlıca məqsəd uşaqların sağlam böyüməsinin, keyfiyyətli təhsil və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsinin, eləcə də hərtərəfli qayğı ilə əhatə olunmasının təmin edilməsidir. Bütün bunlar nəticə etibarilə uşaqların layiqli şəxsiyyət və vətəndaş kimi formalaşmasına xidmət edir.  Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, eləcə də uşaq hüquqları ilə bağlı digər beynəlxalq konvensiyalara qoşulmaqla ölkə qanunvericiliyinin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində ciddi addımlar atıb Əvvəlki Uşaq hüquqları haqqında Qanun 1998-ci ildə qəbul edilib. Sonrakı dövrdə uşaq hüquqları sahəsində bir sıra qanunlar, Azərbaycan Respublikasının qanunları və normativ aktlar qəbul olunub. Lakin artıq 28 il keçdikdən sonra müasir dövrün tələblərini özündə əks etdirən, nəticə etibarilə uşaqların müdafiəsinə və bu müdafiənin hüquqi bazasının formalaşdırılmasına yönələn yeni qanunun qəbuluna ehtiyac yaranıb. Bu məqsədlə yeni qanun layihəsi hazırlanıb və parlamentin müvafiq komitələrində müzakirə olunmaqdadır. Bu gün eyni zamanda İnsan Hüquqları Komitəsində də layihənin müzakirəsi baş tutub və bir sıra təkliflər səsləndirilib. Əlavə düzəlişlərlə bağlı müxtəlif məsələlərin qanunda əks olunması təklif edilib. Təbii ki, plenar iclasda bu məsələlərə baxılacaq və irəli sürülən təkliflər nəzərə alınmaqla qanunun qəbul edilməsi üçün müvafiq addımlar atılacaq”.

Deputat vurğulayıb ki, yeni qanunda uşaq hüquqları ilə bağlı bir çox mühüm məsələlər öz əksini tapıb və cəmiyyəti narahat edən problemlərə xüsusi diqqət yetirilib:

“Məsələn, uşaqların avaralıq və dilənçilik fəaliyyətinə cəlb edilməsi qanunla qadağandır. Valideynlər və ya onları əvəz edən şəxslərin uşaqları bu cür fəaliyyətə yönəldirməsi valideynlik hüquqlarından sui-istifadə kimi tövsif olunur. Qanunvericilikdə bununla bağlı çox ciddi tədbirlər nəzərdə tutulub. Həm yeni qəbul ediləcək Uşaq hüquqları haqqında Qanun, həm də digər müvafiq qanunlarda bu istiqamətdə konkret normativlər mövcuddur. Belə hallarla bağlı hər hansı siqnal daxil olduqda, ilk növbədə məlumatların doğruluğu yoxlanılmalıdır. Daha sonra qanunvericiliyə uyğun olaraq uşaqların hüquqlarının müdafiəsi üzrə yerli komissiyalar məlumatlandırılır və dərhal həmin uşaqların yaşayış yerlərinə və ya olduqları ərazilərə baxış keçirilir. Uşaqların sağlamlıq və psixoloji vəziyyəti, zorakılıq hallarının olub-olmaması və yaşayış şəraiti yoxlanılır, ilkin müayinələr aparılır və təxirəsalınmaz tədbirlər görülür. Bu, ilk növbədə uşaqlara tibbi və psixoloji yardımın göstərilməsini əhatə edir. Uşağın sağlamlığı və həyatı üçün birbaşa təhlükə mövcud olduqda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən, uşağın valideynlərindən və ya onları əvəz edən şəxslərdən dərhal alınması nəzərdə tutulur. Məqsəd həmin şəxslərin uşağın gələcək tərbiyəsinə zərər vurmasının qarşısını almaqdır. Bu prosedurlar Ailə Məcəlləsi, yeni qəbul ediləcək Uşaq hüquqları haqqında Qanun, Sosial xidmətlər haqqında Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. Bütün bu qanunvericilik uşaqların müdafiəsinə yönəlib”.

Arzuxan Əlizadə əlavə edib ki, yeni qanun uşaqların gələcəkdə ləyaqətli insan və vətəndaş kimi formalaşmasına xidmət edəcək:

“Uşaqlar bizim gələcəyimizdir. Onların bütün zərərli təsirlərdən qorunması valideynlərlə yanaşı, dövlətin də üzərinə məsuliyyət qoyur. Dövlət bu məsuliyyəti qanunvericilik müstəvisində tənzimləyir və əgər valideynlər uşaqlara lazımi qayğı göstərmirsə, əksinə onları zərərli vərdişlərə yönəldirsə, uşaqlar dövlət himayəsinə götürülür. Bununla da dövlət həmin uşaqların sağlam böyüməsinə, savadlı, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, gələcəkdə öz ölkəsinə xidmət edən layiqli vətəndaş kimi formalaşmasına dəstək olur”.