NIPA-30

Yeni parlamentin 17-ci ayı

Fevralın 2-də Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. 2024-cü ilin sentyabrında keçirilən növbədənkənar parlament seçkilərindən 17 ay ötüb. Azərbaycanın siyasi sistemində Milli Məclis ali qanunverici orqan statusuna malik olsa da, onun real təsir imkanları uzun illərdir müzakirə mövzusudur. Yeni çağırış dövrü bu sualı yenidən aktuallaşdırır: parlament təşəbbüskar və nəzarətçi institutdur, yoxsa əsasən icraedici qərarların hüquqi çərçivəyə salındığı platforma?

Praktikada Milli Məclisin əsas funksiyası qanun layihələrinin qəbulu ilə məhdudlaşır. Qanunvericilik təşəbbüslərinin böyük hissəsi icra hakimiyyəti tərəfindən irəli sürülür, parlament isə daha çox razılaşdırıcı rol oynayır. Nəzarət mexanizmləri – hesabat dinləmələri, sorğular, müzakirələr – mövcud olsa da, real siyasi təsiri məhdud qalır. Hətta deputatlar dəfələrlə şikayət edirlər ki, onların nəinki qaldırdıqları problemləri aidiyyəti qurumlar reaksiya verir, hətta telefon zəngləri belə cavabsız qalır.

Ekspertlərə görə, mövcud şəraitdə Milli Məclisin təsir imkanları sistem daxilindəki balansdan asılıdır. Deputatların təşəbbüskarlığının artırılması, nəzarət funksiyasının gücləndirilməsi və açıq müzakirələrin genişləndirilməsi parlamenti formal institutdan real siyasi aktora çevirə biləcək əsas amillərdir. Əks halda, Milli Məclis hüquqi baxımdan güclü, siyasi baxımdan isə zəif orqan olaraq qalmaqda davam edəcək.

Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Milli Məclisin funksionallığının artırılması zaman-zaman gündəmə gəlir:

“Buna da ehtiyac var. Çünki bir çox məsələlərin həllində təsiri ola bilər. Elə hallar olur ki, müraciət olunan məmurlar zənglərə cavab vermir. Bu məsələdə mərkəzi icra orqanlarının rəhbərlərini kənara qoyuram. Doğrudur, bəzən qane edən, bəzən etməyən cavablar verilir, amma aşağı ranqlı məmurlar var ki, heç zənglərə cavab vermirlər. Ümumiyyətlə, bəzən elə təəssürat yaranır ki, parlament yalnız qanun layihələrini təsdiqləmək üçün nəzərdə tutulub. Amma bu yanaşmanı qəbul etmirəm. Milli Məclis həm də nəzarət funksiyasını yerinə yetirən orqandır və bu imkanlarının genişləndirilməsinə ehtiyac var”.

Deputat vətəndaşlardan çoxsaylı müraciətlər daxil olduğunu qeyd edərək onların aidiyyəti qurumlar qarşısında qaldırıldığını bildirir: “Məsələn, işə qəbul və ya uyğun olmayan müxtəlif müraciətlər də var. Biz yenə də çalışırıq ki, müvafiq quruma yönəldək. Ancaq hansısa məmurun yerinə problemi həll etmək səlahiyyətimiz yoxdur. Bundan əlavə, elə problemlər var ki, onlar dərhal həllini tapmır və bir sıra mərhələlərdən keçir. Sonra nəticə olmayanda vətəndaş deputatdan narazı qalır. Ona görə də deputatların bu məsələlərlə bağlı problemləri yaranır”.

Qeyd edək ki, dünyanın əksər ölkələrində parlament sistemi mövcuddur. Adları müxtəlif olsa da, parlamentlərin funksiyası bütün ölkələrdə oxşardır. Bu söz fransız dilindəki “parler” sözündən yaranaraq danışmaq mənasını verir. Milli parlamentimiz isə mürəkkəb tarixi dövrdə meydana gəlib. 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilib. Mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 müsəlman nümayəndəsi toplanaraq Azərbaycanın idarə olunmasını öz üzərinə götürdü. Parlament cəmi 17 ay fəaliyyət göstərib. Bu dövr ərzində 145 iclas keçirib. İlk iclas 1918-ci il dekabrın 7-də, sonuncu isə 1920-ci il aprelin 27-də olub. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-u təsdiq edilib. Azərbaycan parlamenti tarixə Şərqdə ilk parlament kimi düşüb. Sovet dövründə isə ölkəmizdə parlament funksiyasını Azərbaycan SSR-in Ali Soveti həyata keçirib. Sovet dövründə və müstəqilliyin ilk illərində Ali Sovet adlanan parlament 1995-ci ildən etibarən Azərbaycan Respublikasının Milli Məclisi adlanır. Qanunverici hakimiyyət funksiyasını yerinə yetirən Milli Məclisə ilk seçkilər 1995-ci ilin noyabrın 12-də keçirilib. Bu dövlət qurumuna seçkilər hər 5 ildən bir keçirilir.