NIPA-30

Biz heç kimə düşmən deyilik – Rəşad Bayramov

Dünyada yaşanan və xeyli həssas olan proseslər fonunda Münxen Təhlükəsizlik Konfransı və bu platformada Azərbaycanın Prezident İlham Əliyevin timsalında ən yüksən səviyyədə təmsil olunması diqqət çəkdi. Dövlət başçısının konfrans zamanı səsləndirdiyi bəyanatlar, müsahibələri dünya mediasının da diqqət mərkəzində oldu. Konfransdan həmən sonra isə Azərbaycan Prezidentinin Serbiyaya səfəri reallaşdı.

Hafta.az gündəmi politoloq Rəşad Bayramovla dəyərləndirib:

– Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin iştirakı, artıq ənənə halını alıb. Bu iştirak həm də Azərbaycan–Avropa əlaqələrinin ümumi konturlarını müəyyənləşdirir. Münasibətlərdə ümumi mənzərə necədir?  

– Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfəri Azərbaycanın Avropa ilə münasibətlərində yeni diplomatik mərhələni simvolizə edir və bu, yalnız rəsmi protokol səfəri deyil. Səfər, əslində, ortaq təhlükəsizlik gündəliyinin reallaşdırılması baxımından mühüm idi və Azərbaycanın bu tədbirdə iştirakı regiondakı təhlükəsizlik rolunun artdığını ortaya qoyur. Bununla da Azərbaycan beynəlxalq təhlükəsizlik gündəminin aktorlarından biri kimi çıxış edir. Bu kontekstdə səfər Azərbaycanın Avropa paytaxtları ilə daha sıx əlaqələr qurmaq niyyətini göstərir və Azərbaycan–Avropa əməkdaşlığının təhlükəsizlik, enerji və nəqliyyat sahələrində davamlı şəkildə dərinləşdirilməsinə zəmin yaradır.

Siyasi baxımdan səfər, xüsusən də Münhen Təhlükəsizlik Konfransındakı çıxışlar Azərbaycanın yalnız regional deyil, qlobal məsələlərdə də konstruktiv tərəfdaş olma niyyətinin ifadəsidir. Konfrans çərçivəsində Prezidentin çıxışlarında sülh, əməkdaşlıq və qarşılıqlı etimad mesajları diqqət mərkəzində idi. O, panel müzakirələrdə və müsahibələrdə Azərbaycanın sülh gündəliyi ilə çıxış etdiyini, bu gün post‑münaqişə dövründə regional sabitliyi möhkəmləndirmək üçün aktiv addımlar atdığını vurğuladı. Bununla yanaşı, o, Azərbaycan ilə Avropa arasındakı dialoqun davamlı olmasının vacibliyini qeyd edərək, ölkəmizin təhlükəsizlik, nəqliyyat və enerji sahələrində əməkdaşlıq perspektivlərini genişləndirmək niyyətini ortaya qoydu.

İqtisadi rakursdan baxıldıqda bu səfər daha geniş mənzərə yaradır. Məlumdur ki, Münhen konfransı yalnız təhlükəsizlik platforması deyil, həm də iqtisadi və enerji təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu forum kimi çıxış edir. Prezident də öz çıxışlarında bu məsələyə xüsusi yer verərək Azərbaycanın geostrateji mövqeyinin enerji, nəqliyyat və tranzit əlaqələri üçün əhəmiyyətini xüsusi vurğuladı. Ölkəmizin Asiya və Avropa arasında nəqliyyat dəhlizi kimi rolu və bu sahədə Avropa ilə əməkdaşlığın perspektivləri geniş şəkildə təqdim edilmiş oldu. Bu, Avropa üçün Azərbaycanın enerji və logistika baxımından nə qədər vacib tərəfdaş olduğunu bir daha göstərir.

– Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik gündəliyində hansı əsas məsələlərlə yadda qaldı və Azərbaycanın bu platformada iştirakı hansı siyasi mesajları verdi?

– Konfransın əsas mövzularından biri, əlbəttə ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu və bu münaqişənin Avropa və qlobal təhlükəsizlik sisteminə yaratdığı sarsıntılar idi. Tədbirdə dövlət və hökumət başçıları, müdafiə nazirləri və beynəlxalq ekspertlər bir araya gələrək enerji təhlükəsizliyi, NATO daxilində koordinasiya və silahlanma yarışının gətirdiyi riskləri müzakirə etdilər. Bununla yanaşı, konfrans qlobal təhlükəsizlik arxitekturasının yenidən qiymətləndirilməsi, BMT Təhlükəsizlik Şurasının effektivliyi və beynəlxalq hüququn pozuntularına qarşı kollektiv reaksiyanın gücləndirilməsi kimi mühüm məsələləri də diqqətə çatdırdı.

Bu platformada Azərbaycanın iştirakı xüsusilə diqqət çəkdi deyə bilərik. Belə ki, Prezident İlham Əliyev çıxışlarında regional sülh və dialoqun gücləndirilməsinin vacibliyini vurğulayaraq qonşularla qarşılıqlı etimadın yaradılması və konstruktiv diplomatiyanın önəmini ön plana çıxarmış oldu. Münhendə səslənən mesajlar Azərbaycanın yalnız regional deyil, qlobal təhlükəsizlik gündəliyində də fəal tərəfdaş olduğunu nümayiş etdirdi.

Bu konfrans Azərbaycan üçün həm də beynəlxalq səhnədə mövqeyini gücləndirmək, regiondakı aktual problemləri qlobal gündəliyə daxil etmək baxımından əhəmiyyətli platforma oldu. Prezident İlham Əliyevin Münhendəki çıxışları göstərdi ki, Azərbaycan həm diplomatik, həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi Avropanın diqqət mərkəzindədir.

– Prezidentin Ukrayna ilə bağlı açıqlamaları beynəlxalq hüququn hansı prinsiplərinə istinad edirdi və bu mövqe Azərbaycanın balanslı xarici siyasət kursunu necə əks etdirir?

– Həqiqətən də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin Ukrayna böhranı ilə bağlı mövqeyi beynəlxalq hüququn əsas prinsiplərinə dərin hörmət və Azərbaycanın balanslı xarici siyasət kursunun aydın göstəricisi oldu. Prezidentin çıxışının mərkəzində suverenlik və ərazi bütövlüyü prinsipləri dururdu ki, bu da BMT Nizamnaməsinin 2‑ci maddəsi ilə təsbit olunmuş əsas hüquqi norma olmaqla yanaşı, beynəlxalq münasibətlər sisteminin dayaq sütunu hesab edilir. Prezident haqlı olaraq qeyd etdi ki, münaqişə yalnız hərbi yox, həm də humanitar və hüquqi aspektlərdən qiymətləndirilməlidir və hər bir dövlətin öz xalqının təhlükəsizliyini təmin etmək hüququ vardır.

Verilən mesajlar bir daha sübut etdi ki, Azərbaycan heç bir tərəfə qarşı düşmənçilik bəsləmədən, öz milli maraqlarını beynəlxalq hüquq və əməkdaşlıq prinsipləri çərçivəsində müdafiə edir. Bu isə öz növbəsində, ölkəmizin regionda sülhə və təhlükəsizliyə töhfə verən məsuliyyətli aktor kimi görünməsinə yol açır.

Prezidentin bəyanatları həmçinin onu göstərdi ki, Azərbaycan münaqişələr zamanı mütləq bitərəf yanaşma nümayiş etdirmir, əksinə, beynəlxalq norma və hüquq çərçivəsində ədalətli və bərabər əsasda dialoqu dəstəkləyir. Bu prinsipial mövqe Azərbaycan üçün yalnız siyasi mesaj deyil – xarici siyasətin istinad nöqtəsi, dövlətin həm BMT Nizamnaməsi, həm də beynəlxalq humanitar hüquq prinsiplərinə sadiqliyinin canlı təzahürüdür deyə bilərik.

– Rusiya-Azərbaycan münasibətləri barədə səsləndirilən fikirlərdə hansı diqqətçəkən nüanslar ön plana çıxdı?

– Münhen Təhlükəsizlik Konfransı qlobal təhlükəsizlik gündəliyinin müxtəlif aspektlərini üzə çıxardığı kimi, Rusiya-Azərbaycan münasibətlərinin də incə məqamlarını diqqət mərkəzinə çəkdi. Bu münasibətlər təkcə iki qonşu dövlətin münasibətləri deyil, eyni zamanda post‑münaqişə dövrünün geosiyasi reallıqları və regional əməkdaşlıq arxitekturasının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Əvvəla, konfrans zamanı səsləndirilən fikirlər Azərbaycan üçün suverenliyin qorunması prinsipinin nə qədər prioritet olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev bu kontekstdə açıqlamalarında ölkənin daxili və xarici siyasət kursunun əsas dayaqlarından biri kimi suveren hüquqların möhkəmləndirilməsini və hər bir dövlətin ərazi bütövlüyünə hörmətin vacibliyini vurğuladı. Bu, Rusiya ilə münasibətlərdə də balanslı yanaşmanın əsasını təşkil edir – Azərbaycan öz milli mənafelərini beynəlxalq hüquqa əsaslanaraq müdafiə etməyə davam edir və heç bir xarici amil qarşısında suverenliyindən güzəştə getmir.

İkincisi, Münhendə səslənən mesajlar strateji tərəfdaşlıq münasibətlərinin məzmunu və çərçivəsi haqqında da aydın siqnallar verdi. Rusiya ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq tarixi var və bu əməkdaşlıq xüsusilə enerji, nəqliyyat və ticarət sahələrində özünü göstərir. Lakin bu əlaqələr eyni zamanda çoxvektorlu xarici siyasət kursu ilə uzlaşmalı, müstəqil qərarvermə mexanizmlərinə söykənməlidir. Münhen dialoqları göstərdi ki, Azərbaycan strateji əməkdaşlığı qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri üzərində qurur və bu, münasibətlərin davamlılığını və dayanıqlığını təmin edən əsas amildir.

Nəhayət, regional sabitlik məsələsi konfrans çərçivəsində təkrarlanan mövzulardan biri oldu və Azərbaycan-Rusiya ilə münasibətləri bu kontekstdə səmərəli əməkdaşlıq nümunəsi kimi qiymətləndirdi. Post‑münaqişə dövründə Cənubi Qafqazda sülh və sabitliyin qorunması yalnız ikitərəfli bağlılıqlarla deyil, həm də bölgənin xarici tərəfdaşları ilə koordinasiya edilmiş səylərlə mümkündür.

Əlbəttə ki, Rusiya–Azərbaycan münasibətləri təkcə geosiyasi və strateji tərəfdaşlıq deyil, həm də çoxsahəli dialoq və qarşılıqlı anlayışın məhsuludur. Münxen Təhlükəsizlik Konfransında səslənən mesajlar Azərbaycanın bu münasibətləri balanslı, müstəqil və regional sabitliyə töhfə verən paradiqma əsasında formalaşdırdığını açıq şəkildə göstərdi.

– “France 24” telekanalının Azərbaycan Prezidentinə ünvanladığı suallar Avropanın ölkəmizə münasibətdə hansı siyasi yanaşmasını nümayiş etdirdi?

– Əslində “France 24” telekanalından başqa suallar gözləməyə dəyməzdi. Fransanın və eləcə də bu kanalın Azərbaycana münasibəti bəllidir. Bütün bunlara və jurnalistin maraqlarına baxmayaraq, Prezidentin cavabları həm Azərbaycanın beynəlxalq imicini möhkəmləndirmək, həm də Avropaya konkret mesajların verilməsi baxımından əhəmiyyətli oldu. Prezidentin suallara cavabı Azərbaycanın həm sülhün və regional sabitliyin fəal tərəfdaşı, həm də prinsipial, hüquqa əsaslanan diplomatik aktor olduğunu bir daha ortaya qoymuş oldu.

Ümumilikdə isə Prezidentin “France 24” telekenalana müsahibəsində separatçı rejim nümayəndələrinin mümkün əfvi və ya Ermənistana verilməsi ilə bağlı ortaya qoyduğu mövqe bu məsələdə Azərbaycanın qətiyyətli mövqeyini sübut edir. Bu mövqenin həm də ABŞ Vitse-Prezidenti Vensin diqqətinə çatıdırılması isə separatçı rejim liderlərinin əfvi və ya Ermənistana verilməsi ilə bağlı hər hansı güzəştin mümkünsüzlüyünü ortaya qoyur.

Həqiqətən də 30 ildən artıq bir dövr ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, əsgərlərimizin, dinc əhalimizin qətlə yetirilməsinə birbaşa rəhbərlik etmiş şəxslərin, Gəncə, Bərdə, Tərtərin bombalanmasını əmrini verərək mülki əhalimizin öldürülməsində birbaşa iştirak edən şəxslərin, ərazilərimzi talan edən, qanunsuz silah daşıyan cinayətkərların əfvindən heç bir halda söhbət gedə bilməz.

Fransalı müxbirin sualı, təbii ki, ABŞ kimi böyük aktorun adını çəkərək məsələni beynəlxalq siyasi təzyiq kontekstinə salmaq və “sülh naminə addım” kimi ifadələrlə cinayət məsuliyyəti məsələsini siyasi kompromis predmetinə çevirmək cəhdi idi. Bu yanaşma, faktiki olaraq, ağır müharibə cinayətlərində ittiham olunan şəxslərin hüquqi məsuliyyətini humanitar jest çərçivəsinə salmaq və onları siyasi fiqurlar kimi təqdim etməyə xidmət edirdi.

Prezident İlham Əliyevin cavabı isə məsələnin məhz hüquqi və suverenlik müstəvisində olduğunu açıq şəkildə ortaya qoydu. Ölkə başçısı bu məsələdə hər hansı güzəştin olmayacağını bir daha uca səslə bəyan edərək haqlı olaraq adı çəkilən şəxsləri “müharibə cinayətlərinin təşkilatçıları” və “bəşəriyyətə qarşı ağır cinayətlər” törətmiş fərdlər kimi təqdim etdi. Ən vacibi isə prezidentin mövqeyi onu sübut etdi ki, bu məsələnin müzakirəsi heç bir xarici təsirə açıq deyil.

– Münxen Konfransından həmən sonra Prezident İlham Əliyevin Serbiyaya səfəri reallaşdı…

– Prezidentin Serbiyaya səfəri təkcə Azərbaycan-Serbiya münasibətləri baxımından deyil, eləcə də Avropanın enerji, siyasi və diplomatik xəritəsində Azərbaycanın rolunu yenidən gücləndirən strateji səfər kimi qəbul oluna bilər. Bu səfər bir neçə mühüm məqsədə xidmət etməklə ölkəmizin Avropa daxilindəki etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdi.

Enerji diplomatiyası aspektindən baxsaq, Serbiya Avropanın enerji təminatı strukturunda özünəməxsus rola malikdir və Bakı üçün bu ölkə vasitəçi rolunu gücləndirə bilər. Məlumdur ki, Azərbaycan Avropaya enerji resursları təminatında, xüsusilə qaz ixracı və tranzit dəhlizləri məsələsində təhlükəsiz mənbə kimi çıxış edir. Serbiya ilə əməkdaşlıq Avropanın şərq hissəsində enerji təhlükəsizliyini daha da möhkəmləndirməklə yanaşı, Bakı üçün yeni marşrutların açılmasına və ticarət axınlarının müxtəlifləşdirilməsinə imkan yaradır. Bu, Avropa üçün enerji asılılığının azalmasına şərait yaratmaqla yanaşı Azərbaycanın strateji əhəmiyyətini artırır.

İkincisi, səfər siyasi əməkdaşlıq baxımından da əhəmiyyətli idi. Serbiya, Avropanın mərkəzi və cənub‑şərq hissəsində önəmli siyasi aktorlardan biridir və bu ölkə ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycan üçün Avropanın daxilində daha geniş siyasi platforma əldə etmək deməkdir. Belə bir əməkdaşlıq Azərbaycanı yalnız region miqyasında deyil, Avropanın siyasi gündəliyində də daha fəal iştirakçıya çevirir və beynəlxalq məsələlərdə fikir mübadiləsi üçün yeni imkanlar açır.

Nəhayət, diplomatik perspektiv baxımından bu səfər Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasının uğurla həyata keçirildiyini göstərdi. Bakı yalnız Avropa İttifaqı ilə deyil, həmçinin Avropa ölkələri ilə ikitərəfli münasibətlərdə də müsbət dialoqu gücləndirir.

Son olaraq qeyd edim ki, bu səfər Azərbaycanın Avropada yalnız iqtisadi və ticarət tərəfdaşı deyil, həm də gələcəyin təhlükəsizlik, siyasi və enerji gündəmlərində fəal rol oynayan etibarlı tərəf kimi qəbul edilməsinə təkan verdi.