NIPA-30

“Rusiya kimi dostluğa zidd davranış sərgiləyənlər anlamalıdır ki, Azərbaycanla “güc dili”ndə danışmaq olmaz”

Prezident İlham Əliyev bildirib ki, Rusiya yalnız Ukraynanın enerji obyektlərini deyil, həm də Azərbaycan şirkətlərinə məxsus infrastrukturu hədəfə alır. Ukraynadakı Azərbaycan səfirliyi üç dəfə hücuma məruz qalıb və bu, təsadüfi deyil. Bütün diplomatik koordinatlar Rusiyaya təqdim olunsa da, əlavə hücumlar baş verib. Azərbaycan yalnız diplomatik yollarla reaksiya göstərib, Rusiya səfirinə nota verilib və xüsusi bəyanat yayılıb. Prezident Əliyev vurğulayıb ki, bu hərəkətlər Azərbaycanın maraqlarına qarşı dostyana addım sayıla bilməz.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan-Rusiya münasibətləri kifayət qədər gərgin fazada davam etməkdədir və bu, birmənalı olaraq qarşı tərəfin sərgilədiyi, yumşaq desək, dost olmayan münasibət sayəsində formalaşmış gərginlikdir.

“Məlumdur ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında hücuma məruz qaldı, vuruldu və ondan sonra Rusiya tərəfinin atdığı addımlarda birmənalı olaraq təyyarənin məhv edilməsini əslində yönəlmiş hərəkətlər idi ki, bu, beynəlxalq cinayətdir. Əslində, sonrakı dönəmlərdə də indiki dövrə qədər iki dəfə Rusiya prezidentinin, xüsusilə də ötən il Azərbaycan prezidenti qarşısında üzrxahlıq nitqindən başqa faktiki olaraq normal, adekvat reaksiya bildirilməyib. Rusiyanın atdığı addımlar səbəbindən qarşı tərəfdən münasibətlər gərgin olmaqda davam edir.

Rusiyada Azərbaycan diasporasının nümayəndələrinə, rəhbərlərinə, iş adamlarına, sadə vətəndaşlarımıza qarşı bir demarş həyata keçirilməkdədir. Hətta deportasiyalar, iş adamlarının əmlaklarına əl qoyulması, həbslər, hətta qətllər onu deməyə əsas verir ki, Rusiya tərəfi birmənalı olaraq Azərbaycana bu cür addımlar atmaqla hansısa formada təzyiq göstərməyi planlayır”-deyən deputat qeyd edib ki, bu, mümkün olan məsələ deyil, çünki Azərbaycan əvvəlki Azərbaycan deyil və artıq təzyiq yolu ilə Azərbaycana nəyisə təlqin etmək də mümkün deyil, münasibətlər bərabərhüquqlu müstəvidə olmalıdır.

Arzuxan Əlizadə vurğulayıb ki, Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevralında fevralın 22-də strateji müttəfiqlik haqqında, müqavilə imzalanıb: “Sənəd müxtəlif sahələri özündə ehtiva edən bir sənəddir. Rusiya tərəfi ən azından qonşuluq, əməkdaşlıq və strateji müttəfiqliklə bağlı imzaladığımız sənədlərə uyğun olmayan, adekvat olmayan münasibət sərgiləməkdədir.

Rusiyanı qıcıqlandıran bəzi məqamlar var. Bunlardan da birincisi, Azərbaycanın müstəqil siyasət yürütməsi, Rusiyanın Cənubi Qafqazdakı imperiya maraqlarının qarşısını kəsməsidir. Azərbaycanın bu inkişafını və regionun lider dövlətinə çevrilməsi həzm edə bilmirlər. Eyni zamanda Rusiya həm də ondan qıcıqlanır ki, Azərbaycan beynəlxalq hüquq normalarına müvafiq olaraq Ukraynanın ərazi bütövlüyünü tanıyır və Ukraynaya dəfələrlə humanitar yardımlar göstərilib.

Rusiya Azərbaycana yönəlik düşmən mövqeyini sərgiləməkdə davam edir. Ötən dövr ərzində üç dəfə səfirliyimizin binası vurulub. Azərbaycana məxsus SOCAR Azərbaycan Neft Şirkətinə məxsus neft bazasını, yanacaqdoldurma məntəqəsi, anbar, eləcə də Azərbaycan Ukrayna ərazisində yerləşən strateji hədəfləri, səfirliyimiz və konsulluğumuzu vurmaqla Rusiya əslində düşmən mövqeyini sərgiləməkdə davam edir. Ötən günlərdə növbəti belə bir hücum baş verib. Cənab Prezident qeyd etdi ki, ötən dövrdə birinci hücumdan sonra Azərbaycan tərəfi həm diplomatik müstəvidə, eyni zamanda siyasi müstəvidə müvafiq Rusiya qurumlarına və Rusiya rəhbərliyinə – həm hərbi rəhbərliyə, həm də siyasi rəhbərliyə – bu cür addımların atılmasının yolverilməzliyi ilə bağlı öz mövqeyini bildirib”.

Deputat bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinə nota verilib: “Bir dəfə deyil, davamlı baş verməkdədir deyə artıq demək olar ki, bu davranış qərəzlidir: “Azərbaycan tərəfi Rusiya Müdafiə Nazirliyinə, Rusiya Baş Qərargahına, Azərbaycanın strateji obyektləri – həm diplomatik nümayəndəliklərin yerləşdiyi əraziləri, həm də SOCAR-a məxsus və Azərbaycan strateji hədəfləri – hesab olunan obyektlərlə bağlı müfəssəl xəritə təqdim olunub. Qarşı tərəfdən zəmanət də verilib ki, belə hücumlar təkrar olunmayacaq”.

Arzuxan Əlizadə vurğulayıb ki, Rusiyanın heç zaman sözü ilə əməli üst-üstə düşməyib: “Rusiya ilə hansı müqavilə, hansı səviyyədə bağlanmasından asılı olmayaraq etibarlı dövlət deyil. Dəfələrlə bunu öz əməlləri ilə sübut edib. Nə qədər ki, bu münasibət davam edəcək, təbii ki, Azərbaycanın sərt reaksiyası ilə qarşılaşacaqlar.

Azərbaycan dövləti olaraq biz dostluq, qonşuluq münasibətlərinin ən üst səviyyədə inkişaf etməsində maraqlıyıq. Keçmişi müəyyən qədər diqqətə almamaqla, Rusiyanın bizə etdiklərini bir qədər arxa plana keçirərək və gələcəyə baxaraq münasibətlərin normal inkişafında maraqlı olduğumuzu demişik. Dəfələrlə də bunu əməlimizlə də sübut etmişik. Amma təəssüflər olsun ki, qarşı tərəfdən adekvat reaksiya ilə üzləşmirik”.

Arzuxan Əlizadə bildirib ki, bu gün faktiki olaraq münasibətlər olduqca gərgin fazaya daxil olub. Deputatın fikrincə, bu münasibət o zamana qədər davam edəcək ki, Rusiya Azərbaycanla normal və bərabərhüquqlu müstəvidə əlaqələrini bərpa etməyə cəhd etsin: “Bu davranış olmayacaqsa, münasibətlər bir qədər də gərginləşəcək”.

“Rusiya faktiki olaraq bu gün bütün dünya ilə, NATO ölkələri, Amerika Birləşmiş Ştatları və digər tərəflərlə müharibə vəziyyətindədir. Faktiki olaraq Azərbaycan və Türkiyə Rusiya üçün bir nəfəslik rolunu oynayırdı. Əgər Rusiya o nəfəsliyi də bağlamağı hədəfləyirsə, özlərinin gələcəklərini də düşünməlidirlər.

Rusiya zəifləməkdə davam edir. İstənilən imperiyanın bir sonu olur. Bu gün də Rusiya imperiya siyasəti yürütməklə əslində öz xalqını, öz dövlətini olduqca çətin və getdikcə acınacaqlı bir duruma salıb. Bu da Rusiyanın özünün gələcəkdə çox daha böyük faciələrlə, problemlərlə üzləşməsi demək olacaq.

Biz öz yolumuzla gedirik. Biz iqtisadi və siyasi kursumuzu düzgün götürmüşük. Müstəqil siyasət yürüdürük və istər Rusiya, istər digər Rusiyanın sərgilədiyi mövqeyi sərgiləmək istəyən tərəflər başa düşməlidirlər ki, Azərbaycanla güc dilində danışmaq olmaz. Nə vaxt bərabərhüquqlu münasibətlər qurmaq istəyəcəklərsə, o zamanda münasibətlər və əlaqələr bərpa olacaq”-deyə deputat qeyd edib.