NIPA-30

Deputat: “Prezidentə və dövlət rəsmilərinə yönəlik kampaniya hər birimizə qarşı aparılan kampaniya kimi qəbul edilməlidir”

“Azərbaycan 2020-ci ildə Vətən müharibəsi ilə çox böyük uğur əldə etdi. Faktiki olaraq regionda reallıqları dəyişmiş olduq. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və bu gün regionun əsas lider dövlətidir. Ən əsası, artıq çox ciddi surətdə müstəqil siyasət yürütməkdədir. Bundan narahat olanlar var. Təəssüf ki, hazırkı dönəmdə də öz içimizdən olanlar, obrazlı şəkildə desək, sapı özümüzdən olanlar Azərbaycanın üzərinə gəlməyə başlayıblar. Avropada onlara şərait yaradılıb, “bloqer” adı altında sosial şəbəkələrdə çox iyrənc bir kampaniya həyata keçirməkdədirlər. Söyüş ritorikası ilə, iyrəncliklərlə, ailə dəyərlərinə böyük zərbə vurmaqla Azərbaycana qarşı çirkin siyasət yürüdülür. Bunun növbəti dəfə ötən gün Amerikada cənab Prezidentin səfərdə olduğu, sülhlə adı yanaşı hallanan bir tədbirdə iştirakı zamanı şahidi olduq. Hesab edirəm, cənab Prezident Azərbaycan dövlətinin atributudur. Cənab Prezidentə və dövlət rəsmilərinə yönəlik bu cür kampaniya bütövlükdə Azərbaycana – hər birimizə qarşı kampaniya kimi qəbul edilməlidir. Bu ünsürlərlə bağlı çox ciddi ölçü götürülməlidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, təxribatçıların yaşadıqları ölkələrdən onların təhvil verilmələri tələb olunmalıdır: “Ən sərt formada Azərbaycan qanunvericiliyi ilə cəzalandırılmalıdırlar. Heç bir dövlət, yaxud Azərbaycana düşmən mövqedə olan hər hansı güclər özlərinə qarşı bu cür kampaniya keçirilməsinə imkan verməzdilər. İndi isə görünən budur ki, onlara hansısa güclər tərəfindən dəstək verilir və Azərbaycana qarşı belə çirkin kampaniya aparılır. Söyüş ritorikası, ailə dəyərlərinə vurulan zərbələr bütün Azərbaycan dövlətinə yönəlik düşmən münasibətdir və qarşısı alınmalıdır. Çünki bu, təkcə ayrı-ayrı şəxslərə deyil, bütövlükdə Azərbaycan dövlətinə, xalqına – hər birimizə qarşı çirkin kampaniyadır. Bunu həyata keçirənlər, alətə, vasitəyə çevrilənlər çox ciddi surətdə cəzalandırılmalıdırlar”.