Hansı partiya sədrinin süni intellekt müavini var?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə hər bir dövlət qurumunda, xüsusilə nazirliklərdə, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə müvafiq müavin vəzifələrinin ayrılması zərurətini bildirib.
“Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”, – dövlət başçısı qeyd edib.
Bildirək ki, Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı yalnız dövlət qurumları üçün deyil, eyni zamanda siyasi partiyalar və digər sahələr üçün də getdikcə önəmli bir istiqamətə çevrilir.
Partiyalar cəmiyyətlə əlaqəni gücləndirmək, üzvlərinə məlumatlılıq vermək, qərar qəbulunu sürətləndirmək və kommunikasiya proseslərini təkmilləşdirmək baxımından bu texnologiyalardan faydalana bilərlər. Ona görə də süni intellektin tətbiqi partiyalarda strateji üstünlük və rəqəmsal transformasiya üçün vacib hesab olunur.
Bəs ölkəmizdə hansı partiyalarda süni intellekt istiqaməti üzrə müavin ayrılıb? Hər hansı partiyanın sədrinin süni intellekt üzrə müavini varmı?
“Cebheinfo.az” bununla əlaqədar partiyalar arasında sorğu keçirib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə vurğulayıb ki, partiyada hazırda süni intellekt üzrə müavin yoxdur:
“Hələlik dövlət qurumlarında cənab Prezidentin təklifi ilə bu sahəyə diqqət yetiriləcək və nazirliklər səviyyəsində müavin postların yaradılması nəzərdə tutulub. Amma siyasi partiyalarda yaxın dövr üçün belə bir vəzifənin lazım olacağını düşünmürəm.
Təbii ki, texnologiyalara əlçatanlıq və mövcud yeniliklərin tətbiqi baxımından bu prosesləri diqqətdə saxlayırıq. Partiyalarda bu sahədə məlumat və bacarıqlara malik mütəxəssislərimiz var. Ehtiyac olacağı təqdirdə, gələcəkdə yəqin ki, edəcəyik”.