Müxalif partiya sədrləri “KQB” arxivləri HAQDA – 3 RƏY
Xəbər verildiyi kimi, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ölkəyə qarşı genişlənən informasiya müharibəsi və daxildəki gizli şəbəkələrlə bağlı sensasion bəyanatla çıxış edib. Diplomat Kremlin Azərbaycana qarşı informasiya hücumuna keçdiyini bildirərək, hüquq-mühafizə orqanlarını və cəmiyyəti daha cəsarətli addımlar atmağa çağırıb.
“Arxivləri açmağın və həm hakimiyyət, həm də müxalifət statusu altında gizlənən “beşinci kolon” üzvlərini göstərməyin vaxtı deyilmi? Hesab edirəm ki, arxivlərin bir hissəsini açmağın və hər kəsi layiq olduğu adla çağırmağın əsl zamanıdır”, – politoloq qeyd edib.
Bəs müxalifət partiyaları sabiq nazirin qaldırdığı məsələ haqda nə düşünür?
AMİP sədri, deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, bu məsələ zaman-zaman gündəmə gəlir, lakin qəbul edilmir: “Xüsusilə, müstəqilliyimizi bərpa edildikdən sonra Xalq Cəbhəsi hakimiyyəti dövründə parlamentdə bir neçə dəfə müzakirə mövzusu olub. Təəssüf ki, o zaman bununla bağlı konkret qərar verilmədi. Səbəb olaraq da bir çox arqumentlər gətirildi və bu da müxtəlif versiyaların gündəmə gəlməsinə səbəb oldu. Bir neçə postsovet respublikalarında “KQB” arxivləri açılıb. Təbii ki, həmin insanları linç etməyin tərəfdarı deyiləm. Zamanın öz tələbləri olub.
Dövlət təhlükəsizliyi, milli təhlükəsizlik baxımından, digər ölkələrə zamanında xidmət etmiş, bəlkə də bu gün də xidmət eləyən şəxslərin bilinməsi və o adamların dövlət hakimiyyətində təmsilçiliyinə imkan verilməməsi baxımından arxivin açılması vacibdir. Uzun müddətdir ki, ölkədə “beşinci kolon”un mövcudluğu ilə bağlı məsələni gündəmə gətiririk. Amma bu söz olaraq qalır. Əslində, “beşinci kolon” ifadəsinin də tərəfdarı deyiləm, başqa dövlətin maraqların xidmət eləyən kimlər varsa, xəyanətkardırlar. Ən azından o cür insanların bu gün vəzifələrdə təmsilçiliyi önlənməlidir. Tofiq Zülfüqarovun qaldırdığı məsələ ilə həmrəyəm”.