“Xocalı faciəsi müasir tariximizin ən qanlı səhifələrindən biridir” – ŞƏRH
1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi Azərbaycanın müasir tarixində ən ağır və faciəli hadisələrdən biri kimi yadda qalıb. Həmin gecə Xocalı şəhərində dinc əhaliyə qarşı qətllər törədilib, yüzlərlə insan həyatını itirib. Bu hadisə hər il Azərbaycanda qeyd olunur, qurbanların xatirəsi ehtiramla yad edilir.
Milli Məclisin İnsan Hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında Xocalı qətliamını ötən əsrin ən dəhşətli faciələrindən biri olaraq xatırladıb.
Onun sözlərinə görə, bu hadisə XX əsrin sonlarında törədilmiş ən ağır soyqırımlarından biri kimi qiymətləndirilməlidir: “Azərbaycan tarixində ən faciəli günlərdən biri olan Xocalı hadisələri zamanı dinc əhali – uşaqlar, qadınlar və yaşlılar xüsusi amansızlıqla qətlə yetirildi. Bu, qanlı müharibə cinayəti idi və xalqımızın yaddaşında silinməz iz buraxdı. Xocalı faciəsi hər il ehtiramla anılır, şəhidlərin xatirəsi yad edilir, Bakıda Xocalı abidəsi ziyarət olunur. Bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir”.
A.Əlizadə vurğulayıb ki, bu gün artıq Xocalıya həyat qayıdır, sakinlər doğma yurdlarına dönür, genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, yeni infrastruktur layihələri həyata keçirilir: “Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə ərazi bütövlüyünü təmin etmiş, “Böyük Qayıdış” konsepsiyası çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz torpaqlarına qayıdışı prosesini davam etdirmişdir”.
Sədr müavini qeyd edib ki, Xocalı hadisələrində iştirak etmiş şəxslərin sonradan Ermənistanda ali dövlət vəzifələrində təmsil olunması xüsusi diqqət doğuran məqamdır: “Koçaryan, Sarkisyan, Ohanyan və digərlərinin adları bu faciə ilə bağlıdır. Serj Sarkisyanın verdiyi müsahibələrdən birində Xocalı hadisələri ilə bağlı səsləndirdiyi fikirlər də bu məsələnin mahiyyətini açıq şəkildə göstərir. Bu baxımdan Xocalı faciəsində əli olan şəxslərin hüquqi məsuliyyətə cəlb olunması ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır”.
Deputat vurğulayıb ki, azərbaycanlılara qarşı qətliamlarda və müharibə cinayətlərində iştirak etmiş şəxslərlə ölkəmizdə başlanmış məhkəmə prosesləri çərçivəsində cinayətkarların istintaq və açıq məhkəmə iclaslarında verdikləri ifadələr, təqdim olunan fakt və sübutlar onların törətdikləri əməlləri təsdiqləyib: “Azərbaycan qanunvericiliyinə uyğun olaraq onlar məsuliyyətə cəlb edilmişlər. Bununla yanaşı, Xocalı ilə bağlı cinayət işində adı keçən digər şəxslərin də hüquqi məsuliyyətə cəlb olunması vacibdir. Şahid ifadələri və toplanmış materiallar əsasında gələcəkdə onların da layiqli cəza alacağına inanıram. Azərbaycan bu gün regionun aparıcı dövlətlərindən biri və artıq ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etmişdir. Qarşıdakı mərhələdə Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün təmin olunması, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi və ədalət prinsipinin qorunması regional sabitliyə mühüm töhfə verə bilər. Bu kontekstdə Ermənistanın mövcud hakimiyyəti, o cümlədən Paşinyan administrasiyası da regionda davamlı sülhün bərqərar olması üçün hüquqi və siyasi məsuliyyət məsələlərinə adekvat yanaşma nümayiş etdirməlidir”.