“-Ov”dan, “-yev”dən necə qurtulmalı? – Deputat rəyləri
Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərarın qəbulundan 33 ildən çox vaxt ötür. Milli Məclisin 2 fevral 1993-cü ildə qəbul etdiyi qərara görə, vətəndaşlar “-ov”, “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
Lakin ölkədə “-ov”, “-yev” sonluqlu soyad daşıyanlar hələ də çoxdur. Hətta müstəqillik illərində doğulan xeyli Azərbaycan vətəndaşında bu cür soyad sonluqlarına rast gəlinir.
Ölkəmizdə soyad sonluqları niyə bu qədər insanda hələ də köhnə formada qalır? Bu məsələdə dövlət iradəsinin ortaya qoyulması, birbaşa inzibati yollara əl atılması effekt verə bilərmi? Məsələn, yeni doğulan uşaqlara “-ov”, “-yev” sonluqlu soyadların verilməsini yasaqlamaq mümkündürmü?
Medianews.az saytı bu suallarla Milli Məclisin deputatlarına müraciət edib.
27 saylı Sabunçu ikinci seçki dairəsindən seçilmiş Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə xatırladıb ki, soyad sonluqlarının milliləşdirilməsi məsələsi XX əsrin sonlarına yaxın milli azadlıq hərəkatı dövründə gündəmə gəlib: “O zaman ruslardan keçmə soyad sonluqlarından imtina ilə bağlı bir proses gedirdi. Hələ rəsmi qərar olmasa da, bir çox insan soyadından ruslara məxsus sonluğu dəyişir, “-ov”, “-yev”dən imtina edirdi. 1993-cü ilin fevralında isə bununla bağlı Milli Məclisdə qərar qəbul olundu. Həmin dövrdə soyadların dəyişdirilməsi qərarını qeydiyyat şöbələri verirdi. Ondan əvvəl icra hakimiyyətlərində fəaliyyət göstərən müvafiq komissiyalara müraciət etməklə bu dəyişikliyə nail olmaq mümkün idi. Mən də müstəqilliyimiz bərpa olunmamışdan bir qədər əvvəl, milli azadlıq hərəkatının ilk dövrlərində müraciət etmişdim və soyadımızın sonluğunu dəyişmişdik. Təəssüf ki, 1993-cü il qərarından sonra da köhnə soyadlarda qalmağa üstünlük verənlər var”.
Arzuxan Əlizadənin fikrincə, bu məsələdə əsas qərarı vətəndaşlar özləri verməlidirlər: “Məcburi mexanizmlərin tətbiqi doğru olmaz. Bəzi insanlar ata-babalarının tanındığı soyadı dəyişmək istəmirlər. Lakin nəzərə almaq lazımdır ki, həmin sonluqlar çar Rusiyası və Sovet İttifaqı dövründə formalaşıb. Onların dəyişdirilməsi milli kimliyin tanınması baxımından əhəmiyyət daşıyır. Hər kəs bu məsələnin fərqində olmalı və qərarı özü verməlidir. Təəssüf ki, hələ də köhnə soyad sonluqlarında qalmağa üstünlük verənlər var. Bu istiqamətdə maarifləndirmə mühitinin formalaşdırılmasına zərurət duyulur. Kütləvi informasiya vasitələrində mövzu gündəmdə saxlanmalı, ictimai çağırışlar edilməlidir.
Milli soyad sonluqlarına qayıtmaq olduqca vacibdir. Bu bizim milli kimliyimizə bağlı bir məsələdir. Rusiyanın əsarətində olduğumuz dövrlərin ənənələrindən uzaqlaşıb milli kimliyimizə qayıtmağımız mühüm əhəmiyyət kəsb edir. İstərdik ki, hər kəs bunun fərqində olsun”.