Arzuxan Əlizadə: “Ən böyük arzumuz Cənubda yaşayan soydaşlarımızın özlərinin dövlətçilik imkanlarının reallaşmasıdır”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İranda baş verənlər fonunda Cənubi Azərbaycanla birləşmə məsələsinin gündəmə gətirilməsinə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ gələcək reallıqlar fonunda istisna edilmir.
O qeyd edib ki, Cənubi Azərbaycanda yaşayanların durumu hər zaman diqqət mərkəzində olub: “Bu gün İranda baş verənlər fonunda Cənubi Azərbaycanda gələcəkdə ciddi proseslərin getmə ehtimalını istisna etmirəm. Amma hazırkı dönəmdə bu hələ ki real görünmür. İlk növbədə İranda baş verən hadisələrin nə ilə nəticələnəcəyini diqqətə almalıyıq. İranda federativ quruluş formalaşa bilər. Digər millətlərin nümayəndələri də öz muxtariyyətlərini tələb edirlər. Bunun fonunda Cənubi Azərbaycanın ayrıca federasiya subyekti olaraq formalaşması imkanları, yəqin ki, nəzərdən keçirilə bilər. Növbəti mərhələdə bizim çoxdankı arzu və istəyimiz reallaşa bilər. Əminəm ki, bu, nə zamansa baş verəcək. Bunun üçün ciddi işlər aparılmalıdır. Cənubi Azərbaycanda prosesləri idarə edə biləcək bir mərkəzin formalaşmasına ehtiyac var. Gələcəkdə, təbii ki, Azərbaycan türklərinin ən böyük toplumu olaraq Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz haqq və hüquqlarını lazımi səviyyədə təmin etmələri prosesinə rəvac verilə bilər. Bu proses bütün türk dünyası üçün vacib olan məsələlərdən biridir. Yəni təkcə Azərbaycanın deyil, bütün türk dünyasının məsələsidir. İlk növbədə ən böyük arzumuz Cənubda yaşayan soydaşlarımızın özlərinin dövlətçilik imkanlarının reallaşmasıdır. Cənubi Azərbaycanla birləşmə məsələsi isə irəlidə hansı addımlar atılacaqsa, ondan asılıdır. Birləşmə gələcək rəallıqlar fonunda istisna edilmir”.