Bakının reaksiyası: Suverenliyimizə qarşı addımlar cavabsız qalmayacaq
“Naxçıvan Muxtar Respublikasının ərazisinə İran İslam Respublikası istiqamətindən həyata keçirildiyi bildirilən dron hücumları regionda ciddi narahatlıq doğurmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın hava məkanına müdaxilə edilməsi yalnız lokal təhlükəsizlik məsələsi deyil, bütövlükdə regionun sabitliyi və təhlükəsizliyi üçün ciddi təhdid yaradan təhlükəli presedentdir”.
Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemi dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər üzərində qurulub. “Bu prinsiplərin pozulması beynəlxalq hüququn əsaslarını sarsıdır və dövlətlərarası münasibətlərdə gərginlik yaradır. Naxçıvan istiqamətində baş verən dron hücumu da məhz bu baxımdan son dərəcə ciddi hadisə kimi qiymətləndirilməlidir. Hər hansı dövlətin digər dövlətin ərazisinə pilotsuz uçuş aparatları vasitəsilə müdaxilə etməsi onun suveren hüquqlarına qarşı yönəlmiş açıq təhdid kimi qəbul olunur”,-o qeyd edib.
Deputat əlavə edib ki, baş verən hadisə həm də beynəlxalq hüquqda təsbit olunmuş mehriban qonşuluq münasibətlərinə ziddir: “Dövlətlər arasında qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipləri regional sabitliyin qorunmasının əsas şərtləridir. Bu prinsiplərə zidd addımlar isə yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda təhlükəsizlik mühitinə mənfi təsir göstərir.
Azərbaycan tərəfi baş verən insidentə dərhal və prinsipial reaksiya verib. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunaraq rəsmi etiraz bildirilib və hadisə ilə bağlı aydın izahat tələb olunub. Diplomatik praktikada belə addımlar dövlətlərarası münasibətlərdə ciddi narazılığın ifadəsi olmaqla yanaşı, qarşı tərəfə məsuliyyətli davranışın vacibliyini xatırladan mühüm siqnaldır.
Rəsmi Bakı İran tərəfindən qısa müddət ərzində hadisəyə aydınlıq gətirilməsini, baş verən hücumla bağlı izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Bu tələb beynəlxalq hüququn norma və prinsiplərindən, eləcə də dövlətlər arasında mövcud olan qarşılıqlı öhdəliklərdən irəli gəlir.
Eyni zamanda Azərbaycan öz suveren hüquqlarını qorumaq, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmaq hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda tanınan legitim müdafiə hüququdur. Əgər Azərbaycanın ərazi təhlükəsizliyinə qarşı hər hansı təhdid davam edərsə və ya təkrarlanarsa, ölkəmizin adekvat və qəti addımlar atması tam təbii və qanuni olacaq.
Bununla yanaşı, Azərbaycan dəfələrlə bəyan edib ki, regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimad mühitinin formalaşmasında maraqlıdır. Azərbaycan bütün qonşu dövlətlərlə mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir. Regional əməkdaşlıq, iqtisadi inteqrasiya və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biridir.
Təəssüf ki, Naxçıvan istiqamətində baş verən son hadisə bu yanaşmaya uyğun gəlmir və regionda sabitliyə xələl gətirə biləcək risklər yaradır. Belə addımlar yalnız ikitərəfli münasibətlərdə gərginliyin artmasına deyil, həm də Cənubi Qafqaz kimi həssas geosiyasi bölgədə təhlükəsizlik balansının pozulmasına səbəb ola bilər.
Mövcud vəziyyət bir daha göstərir ki, beynəlxalq hüquqa hörmət və məsuliyyətli davranış regionda sabitliyin qorunması üçün vacib şərtdir. Azərbaycan isə öz prinsipial mövqeyinə sadiq qalaraq həm milli təhlükəsizliyini təmin etmək, həm də Cənubi Qafqazda sülh və sabitliyin qorunmasına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək. Lakin eyni zamanda ölkəmiz öz suveren hüquqlarının pozulmasına qarşı qətiyyətli və adekvat cavab vermək iradəsinə malik olduğunu da açıq şəkildə nümayiş etdirir”.