Birliyimizdən narahat olan qüvvələr var – Arzuxan Əlizadə
Son günlərdə Türkiyə mətbuatında Azərbaycanla bağlı xoşagəlməyən proseslərin şahidi olduq. Mövcud mənzərəyə istər ölkə daxilində, istərsə də qardaş Türkiyədə rəsmi olaraq kəskin etiraz bildirildi. Strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək istəyən qüvvələrə qarşı sarsılmaz birlik bir daha nümayiş etdirildi.
Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir.
– Son günlər Türkiyə mediasında Azərbaycanı hədəf alan bəzi materiallara rast gəlinir. Bu məsələ ilə bağlı hətta Türkiyə Böyük Millət Məclisi də bəyanatla çıxış edib. Sizcə, bu prosesin arxasında hansı məqsədlər dayanır?
– İlk olaraq demək istəyirəm ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və dünyada analoqu olmayan səviyyədə bir-birinə yaxın dövlətlər hesab olunur. “Bir millət, iki dövlət” prinsipi əsasında fəaliyyət göstərən bu ölkələr arasında müxtəlif sahələrdə – istər təhsil, istər xarici siyasət, istərsə də müdafiə və digər istiqamətlər üzrə uzlaşdırılmış siyasət həyata keçirilir.
Azərbaycan və Türkiyə arasındakı bu münasibətlər xüsusilə İkinci Qarabağ müharibəsindən sonra daha da möhkəmlənib. 2021-ci il iyunun 15-də Türkiyə ilə Şuşa Bəyannaməsi imzalanıb. Bu sənəd Türkiyə ilə indiyə qədər imzalanmış bütün mühüm sənədləri özündə ehtiva etməklə yanaşı, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini də əhatə edən ikitərəfli mühüm sənəddir. Bu sənəd bir daha göstərir ki, Azərbaycan və Türkiyəni yalnız siyasi və strateji maraqlar deyil, həm də dərin tarixi köklər birləşdirir. Biz eyni millətin nümayəndələriyik və bu baxımdan Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı sarsılmaz və əbədi xarakter daşıyır.
Təbii ki, bundan narahat olan qüvvələr də mövcuddur. Təəssüf ki, belə qüvvələr hər iki ölkənin daxilində də var. Onların bəziləri kənardan idarə olunur və Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərini qəbul edə bilmirlər. Müxtəlif yollarla iki dövlət arasında nifaq salmağa çalışanlar da az deyil. Təəssüf doğuran məqam isə odur ki, həm Türkiyədə, həm də Azərbaycanda bu qüvvələrin müəyyən uzantıları mövcuddur. Lakin zaman keçdikcə bu uzantılar ifşa olunur və təsirsiz hala gətirilir. Son hadisələr də bunu bir daha göstərdi. Xüsusilə son günlərdə baş verən hadisələr müəyyən qüvvələrin fəallaşmasına səbəb oldu. Azərbaycanın ABŞ, İsrail və İran arasında yaranmış gərginliyə fərqli yanaşması – yəni beynəlxalq hüquq və qonşuluq prinsiplərindən çıxış edərək balanslı mövqe sərgiləməsi bəzi dairələr tərəfindən qəsdən təhrif edilərək cəmiyyətə təqdim edilməyə çalışıldı. Məqsəd Azərbaycanın mövqeyini yanlış şəkildə göstərərək ölkəmizi hədəfə almaq idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsuliyyətli mövqeyi, eləcə də hər iki dövlətin rəsmi nümayəndələrinin verdiyi açıqlamalar bu cəhdlərin qarşısını aldı və süni gərginlik yaratmaq istəyən qüvvələrin planlarını ifşa etdi. Buna baxmayaraq, biz hər zaman ayıq-sayıq olmalıyıq. Bu məsələdə hər birimizin – vətəndaşların, ictimai-siyasi xadimlərin, qurumların və xüsusilə medianın üzərinə böyük məsuliyyət düşür. Media qurumları da ayıq-sayıq olmalı və bu cür təxribat xarakterli cəhdlərin qarşısının alınmasında öz məsuliyyətlərini dərk etməlidirlər.
– Sizcə, Türkiyə mediasında Azərbaycanla bağlı ortaya çıxan bu cür materiallar iki ölkə arasındakı strateji tərəfdaşlığa real təsir göstərə bilərmi, yoxsa bu daha çox informasiya müstəvisində baş verən prosesdir?
– Xeyr, təsir göstərə bilməz. Bu açıqlamalar və materiallar əsasən cəmiyyətdə yanlış təsəvvür yaratmaq, insanların diqqətini yayındırmaq məqsədilə hazırlanıb və eyni mərkəzdən idarə olunur. Heç bir halda bu cür fəaliyyətlər iki dövlət arasındakı münasibətləri zəiflədə bilməz. Azərbaycan cəmiyyəti və dövlət rəhbərliyi dəfələrlə mövqelərini açıqlayıb: Azərbaycanın mövqeyi Türkiyənin mövqeyi ilə üst-üstə düşür, Türkiyənin mövqeyi isə Azərbaycanın mövqeyi ilə eynidir. İki dövlət bütün məsələləri birlikdə həll etmək, bütün problemləri uzlaşdırılmış şəkildə idarə etmək prinsipi ilə fəaliyyət göstərir. Buna görə heç bir xarici və ya daxili təxribat, münasibətləri pozmağa yönəlmiş cəhd uğur qazana bilməz.
İkincisi, Azərbaycan və Türkiyə arasında təhlükəsizlik və koordinasiya məsələlərində də ciddi addımlar atılır. Bugünə qədər bir neçə addım atılıb və müxtəlif platformalarda iki dövlət arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. Bu platformalar həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına xidmət edən açıqlamalar vermək, həmçinin uzlaşdırılmış xarici və daxili siyasəti həyata keçirmək üçün istifadə olunur. Regional və qlobal səviyyədə qonşulara yanaşmalar da eyni prinsip əsasında formalaşdırılır. Azərbaycan və Türkiyə maraqları birgə qurulur, hər hansı bir məsələyə yanaşma isə əvvəlcədən razılaşdırılmış prinsip və dəyərlərə əsaslanır. Səfirimiz də bu prosesdə lazımi işləri görür.
– İranla bağlı mümkün müharibə ssenarisi fonunda Azərbaycan və Türkiyənin mövqelərinin və fəaliyyətlərinin uzlaşdırılmasını necə qiymətləndirirsiniz?
– Bu münaqişələrdə qarşılıqlı koordinasiyanın önəmi yüksək qiymətləndirilməlidir. Son dövrlərdə Türkiyəyə iki dəfə raket hücumu oldu, Naxçıvana da zərbələr endirildi. Hər iki halda da Azərbaycan Prezidenti dərhal Türkiyə Prezidentinə telefon etdi. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək səviyyəli rəsmilər Azərbaycan Prezidentinə zəng etdilər. Parlament sədrləri və digər yüksək səviyyəli nümayəndələr də dərhal kommunikasiyaya qoşularaq ortaq mövqe sərgilədilər. Türkiyə rəsmləri açıq şəkildə bildirdi ki, “Azərbaycanın arxasındayıq və Azərbaycana qarşı hər hansı bir təhdid olarsa, onun qarşısında biz duracağıq”. Analoji olaraq, Azərbaycan da Türkiyəyə yönəlmiş hər hansı zərbəni özünə yönəldilmiş zərbə kimi qiymətləndirəcəyini və Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əbədi olduğunu mesaj olaraq verdi. Düşmənlərə, region ölkələrinə və region xaricindəki dövlətlərə aydın şəkildə çatdırıldı ki, Azərbaycan və Türkiyə arasında uzlaşdırılmış və koordinasiya olunmuş siyasət mövcuddur.
– İran ətrafında yaranmış vəziyyət regiondakı enerji və nəqliyyat layihələrinə, o cümlədən Orta Dəhliz strategiyasına necə təsir edə bilər?
– Azərbaycanın əsas strateji məqsədi 2025-ci ilə qədər regiondakı enerji və nəqliyyat layihələrini inkişaf etdirməkdir. Xüsusilə Orta Dəhliz strategiyası bu planın mərkəzindədir. Təbii ki, bu, təsirsiz deyil: Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, şimal-cənub və şərq-orta dəhliz marşrutları üzrə açılması gözlənilən Zəngəzur kommunikasiya xətləri məhz Azərbaycan üzərindən keçir. Ölkəmiz həm layihələrin içərisindədir, həm də aparıcı qüvvə kimi rol oynayır. Bu səbəbdən, Azərbaycan regionda rəqabətqabiliyyətli və sabit mövqe saxlamağa önəm verir. Azərbaycan təbii olaraq istəyir ki, regionda rəqabətli sabitlik təmin olunsun. Əks halda, davam edən münaqişələr enerji və nəqliyyat layihələrinə mənfi təsir göstərir. Münaqişənin davam etməsi region üçün ciddi risk və çətinliklər yaradır.
– İran ətrafında yaranmış hərbi gərginlik Zəngəzur dəhlizi-TRİPP layihəsinin həyata keçirilməsinə hansı təsirləri göstərə bilər?
– Zəngəzur ərazisində həyata keçirilməsi planlaşdırılan layihələr regionun strateji inkişafı üçün böyük əhəmiyyət kəsb edir, lakin onların reallaşdırılması müəyyən risklərə də səbəb ola bilər. Çünki regionda hələ də gərginlik mövcuddur və bu layihələrin həyata keçirilməsində şərtlərin sabitliyi əsas rol oynayır. Erməni tərəflərdən biri bu layihələrə yanaşarkən Azərbaycanın təkliflərini nəzərə alır və layihələrin həyata keçirilməsində Azərbaycan tərəfi əsas təşəbbüskardır. Lakin münaqişənin davam etməsi bu layihələrin təxirə salınmasına gətirib çıxara bilər ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil. Buna görə bir daha vurğulamaq istəyirəm ki, Zəngəzur layihələrinin gerçəkləşməsi, inkişaf etdirilməsi və daha effektiv şəkildə həyata keçirilməsi üçün müharibənin dayandırılması və regiondakı gərginliyin aradan qaldırılması zəruridir.
– Mövcud mürəkkəb geosiyasi şəraitdə türk dövlətləri bir-birinə dəstək nümayiş etdirə bildimi? Bu istiqamətdə əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?
Düşünürəm ki, Türk Dövlətləri Təşkilatında təmsil olunan Türk dövlətlərinin birliyi bu gün hər zamankındən daha vacibdir. Biz dəfələrlə demişik ki, dünya artıq ikiqütblü deyil, çoxqütblü bir sistemdir və bu çoxqütblü dünyada öz təsirini artırmaq üçün Türk Dövlətləri Təşkilatı bütün gücünü ortaya qoymalıdır. Bu təşkilatda Azərbaycan və Türkiyə dominant rolda çıxış edir və təşkilat bütün strukturları ilə güclənməkdədir. Bu güclənmə prosesi hər bir üzv dövlətin iştirakını və qarşılıqlı əməkdaşlığını tələb edir. Təşkilatın güclənməsi və qardaş Türk dövlətləri arasında həmrəylik nümayiş etdirmək xüsusi əhəmiyyət kəsb edir. Biz gördük ki, Azərbaycan və Türkiyəyə yönəlmiş hər hansı hücum zamanı, Türk Dövlətləri Təşkilatına üzv qardaş dövlətlər dərhal birliyini göstərdilər. Bu həmrəylik nümayişi, təşkilatın güclənməsi üçün vacib bir göstəricidir. Hər bir üzv dövlətin təşkilat daxilində rolunu və gücünü ortaya qoyması əhəmiyyətlidir. Azərbaycan və Türkiyə orduları, eləcə də Azərbaycan ilə Özbəkistan və Azərbaycan ilə Qazaxıstan arasında birgə hərbi təlimlər keçirilir və bu, qarşılıqlı dəstəyin praktik nümunəsidir. Türk Dövlətləri Təşkilatının güclənməsi, üzv dövlətlərin bir-birinə dəstək verməsi və birlik nümayiş etdirməsi vacib şərtlərdən biridir. Bu münasibətlər dinamik şəkildə inkişaf edir, lakin biz hələ daha sıx və davamlı birliyin tərəfdarıyıq. Bu məqsədə nail olmaq üçün isə hələ ciddi işlər görülməlidir.