Onlar ölkəyə gətirilməli, ən sərt şəkildə cəzalandırılmalıdır — Deputat
“Bu fəaliyyətin qarşısı alınmalıdır. Belə fəaliyyət göstərən həmin cinayətkar ünsürlər müəyyən edilməli, ölkəyə gətirilməli və Azərbaycan qanunları ilə ən sərt formada cəzalandırılmalıdırlar ki, gələcəkdə bu cür hallar təkrarlanmasın”
Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Prezidenti Azərbaycan dövlətinin, Azərbaycan xalqının atributudur:
“Ona qarşı, onun ailəsinə, yaxınlarına qarşı yönəlmiş hər hansı bir bu cür qara yaxma, böhtan kampaniyası hər birimizə qarşı, dövlətimizə və xalqımıza qarşı edilən kampaniya kimi qəbul edilməlidir. Müqavimət güclü olmalı və hər birimiz mövqeyimizi ifadə etməklə bu cür hallara qarşı ciddi surətdə mübarizə aparmalıyıq. Bu adamların bir çoxunun adları məlumdur, bəllidir. Onlar guya bloqerlik fəaliyyəti göstərirlər. Əslində isə bu, bloqerlik fəaliyyəti deyil. Bu, ayrı-ayrı qüvvələrin əlində alət olan, cinayətkar, əxlaqı və tərbiyəsi yerində olmayan ünsürlərin Azərbaycan dövlətinə, xalqına, konkret şəxslərə və hər birimizə qarşı yönəlmiş cinayətkar fəaliyyətidir. Bu fəaliyyətin qarşısı alınmalıdır. Belə fəaliyyət göstərən həmin cinayətkar ünsürlər müəyyən edilməli, ölkəyə gətirilməli və Azərbaycan qanunları ilə ən sərt formada cəzalandırılmalıdırlar ki, gələcəkdə bu cür hallar təkrarlanmasın. Həmin şəxslərin əvvəlki fəaliyyətləri də məlumdur. Onların ölkədən hansı formada qaçmaları ilə bağlı faktlar da bəllidir. Bu məsələ ilə bağlı hörmətli Mehriban xanım da sərrast şəkildə öz fikirlərini bildirib. Onların həm ölkə daxilində, həm də xaricində kimlərlə əlaqədə olduqları, hansı məqsədlərlə fəaliyyət göstərdikləri və kimlər tərəfindən idarə olunduqları araşdırılmalıdır”.
O qeyd edib ki, bütün bunlar xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilməli və artıq bu istiqamətdə ciddi addımlar atılır:
“Mən bu qurumların peşəkarlığına arxayınam və əminəm ki, bütün bu məsələlər araşdırılacaq və nəticədə hər biri öz layiqli cəzasını alacaq. Bu olduqca çirkin bir kampaniyadır. Azərbaycan Prezidentinə yönəlmiş belə kampaniyaları biz hər birimiz özümüzə, dövlətimizə və xalqımıza qarşı yönəlmiş fəaliyyət kimi qiymətləndirməliyik. Bu, həm də bizim ailə dəyərlərimizə və mentalitetimizə qarşı yönəlmiş fəaliyyətdir. Ona görə də bu fəaliyyətin qarşısı mütləq şəkildə ciddi surətdə alınmalı və bu cür qara yaxma kampaniyası aparan şəxslər ən sərt formada cəzalandırılmalıdırlar”.
Qeyd edək ki, ilin əvvəlindən xaricdə yaşayan bloqerlər tərəfindən Alena Əliyeva haqqında böhtan xarakterli məlumatlar yayılmağa başlanıb. Bu kampaniya ilə eyni vaxtda naməlum şəxs yüksəkvəzifəli şəxsləri saxta görüntülərlə şantaj edərək 5 milyon avro tələb edib. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılıb. O, istintaqa verdiyi ifadədə materialları Mehman Hüseynov və digər şəxslərdən aldığını etiraf edib. Saxlanılan şəxs görüntüləri yaymamaq müqabilində ailə üzvlərinə və Heydər Əliyev Fonduna hədə-qorxu dolu mesajlar ünvanladığını bildirib.