Deputat: “Azərbaycanda mütəmadi olaraq həm əməkhaqqı, həm də pensiyalar artırılır”
“Martın 19-da Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət idarəçiliyində aparılan islahatların, xüsusilə, iqtisadi islahatların davamı olaraq dövlət qulluğunda əməkhaqqı sisteminin daha da təkmilləşdirilməsi və balanslı şəkildə həyata keçirilməsi məqsədilə bir neçə fərman imzaladı. Bu fərmanlar əslində əməkhaqqılarının tənzimlənməsi ilə bağlıdır. Kimin nə qədər maaş alacağı hələ bəri başdan məlum deyil. Yəqin ki, bu, hesablamalarla olacaq, tənzimləmələrdən sonra biləcəyik. Hesab edirəm, ciddi fərq olmayacaq. Dövlət məmurlarının, dövlət qulluqçularının, həmçinin parlament üzvlərinin fərqli maaşları ola bilər. Amma Azərbaycanda mütəmadi olaraq həm əməkhaqqı, həm də pensiyalar artırılır. Bu tənzimləmələrin davamı gələcək. Bunlar iqtisadi sahədə məvaciblərin, sosial müavinətlərin və digər maliyyə institutlarının təkmilləşdirilməsinə yönəlmiş kompleks addımlardır. Məvacib artımları gələcəkdə digər strukturları da əhatə edəcək. Bu, əslində bütövlükdə Azərbaycan insanın maddi rifah halının yüksəldilməsinə yönəlik addımdır. Mərhələli şəkildə digər kateqoriyadan olan şəxslərin də maddi rifah halının yaxşılaşdırılması istiqamətində adımlar atılacaq. Bu, birmənalı baş verir. Hesab edirəm, bundan narahat olmağa dəyməz. Vətəndaşımız da fərqində olmalıdır ki, Azərbaycan hökuməti gələcəkdə digər kateqoriyalardan olan insanların da maddi durumunun yaxşılaşdırılması istiqamətində təkliflərlə çıxış edəcək. Cənab Prezidentin fərmanları ilə bu məsələlər tənzimlənəcək, insanları narahat edəcək məqamlar qalmayacaq”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, imzalanan yeni fərmanlar dövlət qulluqçularının əməkhaqqı sistemində tətbiq edilən yeni islahatların müəyyənləşdirilməsi, həll olunması, eyni zamanda dövlət qulluqçularının maaşlarının artırılması maddi rifah halının yaxşılaşdırılmasına yönələn addımdır: “Bu sənədlərin qəbulunda əsas məqsəd bir tərəfdən dövlət sektorunda çalışanların, dövlət qulluqçularının əməkhaqqılarının, sosial təminat sisteminin ümumillikdə təkmilləşdirilməsi yolu ilə sosial rifahının gücləndirilməsinə istiqamətlənib. Digər tərəfdən dövlət sektorunda əməkhaqqına vahid və sistemli yanaşmanın tətbiqi kimi qəbul edilməlidir. Bu yöndə həyata keçirilən tədbirlər həm də beynəlxalq standartlara uyğunluğu da təmin edir. İmzalanmış sonuncu Prezident fərmanları dövlət sektorunun fəaliyyətinin təkmilləşdirilməsinə, bu sahədə çalışanların sosial müdafiəsinin daha effektiv şəkildə təmin olunmasına imkan yaradır. İslahatlar müasir dövrümüzün çağırışlarına, ölkəmizin yeni hədəflərinə uyğun idarəetmə sisteminin daha da təkmilləşdirilməsini özündə ehtiva edir. Bunun üçün də əlverişli şərait yaratmış olur. Məsələ burasındadır ki, əvvəlki dönəmdə əməkhaqları ilə yanaşı mükafat verilməsi sistemi, müxtəlif iş stajına və parametlərə görə əməyin ödənilməsi sistemi tətbiq olunurdu. Bu da bəzi hallarda obyektiv yanaşmanı tam olaraq təmin etmirdi, müəyyən narahatlıqlar yaradırdı, bəzən neqativ hallara da şərait yaratmış olurdu. Yeni fərmanların verilməsi dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid kimi xarakterizə olunmalıdır. Bu da həmin sahəyə peşəkar mütəxəssislərin, gənclərin, istedadlı peşəkar kadrların cəlb olunmasını da stimullaşdıracaq. Dövlət qulluğunda ədalətin təmin olunmasına, özəl sektorla rəqabətli əməkhaqqı sisteminin formalaşmasına da imkan vermiş olacaq. Bu, dövlət qulluğu sahəsində sektora kadr axının azalmasına, o cümlədən gənc peşəkar, bacarıqlı kadrların dövlət qulluğu sisteminə cəlb olunmasına yönələn addım və töhfə kimi qiymətləndirilməlidir. Təbii ki, tərəfimizdən təqdir olunur”.