NIPA-30

“Avropa ölkələri ABŞ–İsrail və İran münaqişəsindən kənarda qalmağa üstünlük verir” -ŞƏRH

“ABŞ–İsrail və İran müharibəsi çox ciddi prosesləri ortaya çıxarmış oldu. Donald Tramp nə qədər təzyiqlər göstərsə də, NATO ölkələri və Avropanın əsas aparıcı dövlətləri müharibəyə qatılmaqdan imtina ediblər”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib:

“Rəsmi açıqlamalarda müxtəlif səbəblər göstərilsə də, əsas məsələ Avropa ölkələrinin öz dövlət maraqlarını önə çəkməsidir. Onlar müharibədə subyekt kimi iştirak etmək istəmirlər. Ukrayna–Rusiya müharibəsində Ukraynaya dəstək göstərdiklərini və iqtisadi çətinliklərin mövcudluğunu əsas gətirirlər. Lakin bu arqument daha çox bəhanə xarakteri daşıyır və əsas məqsəd müharibədən kənarda qalmaqdır”.

Deputat əlavə edib ki, Avropa ölkələrinin həm hərbi, həm də maddi imkanları bu münaqişəyə qoşulmağa imkan versə də, onlar bu addımdan yayınırlar.

“Almaniya kansleri Fridrix Merts və Böyük Britaniya baş naziri Kirstar Mer açıq şəkildə bildiriblər ki, bu müharibə onların müharibəsi deyil. Eyni zamanda qeyd olunur ki, əvvəlcədən razılaşma və məlumatlandırma aparılmayıb.

Ümumilikdə Avropa ölkələri bu müharibənin NATO çərçivəsində olmadığını vurğulayır və ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləmədiklərini nümayiş etdirirlər. Onlar anlayırlar ki, müharibəyə qoşulmaq birbaşa qarşı tərəfin hədəfinə çevrilmək deməkdir. İran tərəfindən verilən xəbərdarlıqlar da bu mövqeni daha da gücləndirir”,-deyə o vurğulayıb.