“Bu, ölkəmizin ən təhlükəsiz dövlətlər sırasında olduğunu göstərir” – DEPUTAT
““Global Terrorism Index 2026” -cı il hesabatına əsasən Azərbaycan terror təhlükəsinə görə 93-cü yerdə qərarlaşması ölkəmizin ən təhlükəsiz dövlətlər sırasında olduğunu göstərir”.
Bunu Hafta.az-a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib.
“Hesabatda vurğulanır ki, hazırda Azərbaycan təhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrlə müqayisədə böyük uğurlar əldə edib. Ölkədə günün istənilən vaxtı rahatlıqla küçəyə çıxmaq mümkündür, gecə saatlarında belə istənilən yerə getmək təhlükəsizdir. Bu yalnız yerli sakinlər tərəfindən deyil, ölkəyə gələn turistlər və xarici qonaqlar tərəfindən də təsdiqlənir”, – deputat deyib.
Deputat qeyd edib ki, Azərbaycan xüsusilə 1990-cı illərin əvvəllərində erməni terrorizminin hədəfi olmuşdu. Metro, qatar və digər ictimai yerlərdə baş vermiş terror aktları, həmçinin kriminal problemlər ciddi təhlükə yaradırdı:
“Buna baxmayaraq, hüquq-mühafizə və xüsusi xidmət orqanlarımızın peşəkarlığı sayəsində bu risklər minimuma endirilib, potensial terror aktları önlənib. Nəticədə, Azərbaycan qlobal terrorizm indeksində əsas təhlükəsiz ölkələr sırasında yer alır. Bu nailiyyət hüquq-mühafizə, xüsusi xidmət və diplomatik qurumlarımızın yüksək peşəkarlığı sayəsində mümkün olub”.