“Tarixi abidələrin qorunması dövlətimiz üçün prioritetdir” – Deputat
Məlum olduğu kimi, aprelin 9-da Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib. Hadisə ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülməyə başlayıb.
İdarənin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib. Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq və bunun nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək. Qeyd olunub ki, aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməyib və aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir. Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək. Məqsəd abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir.
Onu da vurğulamaq lazımdır ki, bu cür hadisələrə dünya təcrübəsində də tez-tez rast gəlinir. İqlim dəyişikliyi, qrunt sularının hərəkəti və ya seysmik aktivlik səbəbindən Avropanın və Asiyanın qədim şəhərlərində oxşar vəziyyətlər müşahidə olunub.
Hazırda Qoruq İdarəsi tərəfindən bərpa işləri fasiləsiz şəkildə davam etdirilir. Bərpa prosesləri tarixi abidələrin orijinallığını qorumaq prinsipi əsasında, beynəlxalq standartlara uyğun şəkildə icra olunur.
Milli Məclisin deputatı Arzuxan Əlizadə 525.az-a bildirib ki, Azərbaycanda tarixi, mədəni və dini abidələrin qorunması hər zaman diqqətdə olub, bu istiqamətə xüsusi əhəmiyyət verilib. Eyni zamanda bərpa işləri beynəlxalq standartlara uyğun olaraq aparılıb.
“Zaman keçdikcə tarixi abidələrdə müəyyən aşınmaların olması təbiidir. Biz bundan əvvəlki dönəmlərdə də görmüşük ki, aşınma gedən, təmir-bərpaya ehtiyacı olan dini və tarixi abidələrimiz lazımi komponentlər qorunmaqla bərpa olunub. İçərişəhər ərazisində Qala divarının bir hissəsində zədələnməyə aramsız yağan yağışların da təsiri olub. İçərişəhər qoruqdur, milli qoruq olaraq mühafizə olunur, dövlətin xüsusi nəzarəti altındadır. Həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mütəmadi olaraq tarixi abidələrin qorunması, bərpası istiqamtində müvafiq işlər aparır”, – deputat bildirib.
O əlavə edib ki, tarixi abidələrdə bərpa işləri adətən tələsik aparılmır, bu, mərhələli şəkildə həyata keçirilir:
“Çünki tarixi abidə bərpa olunursa, elə texnoloji vasitələrdən istifadə olunmalıdır ki, həm təbiilik qorunub saxlanılsın, həm də təkcə hazırkı dövr deyil, gələcək üçün də davamlı ola bilsin. Bu baxımdan baş vermiş hadisəni də bu kontekstdə dəyərləndirmək lazımdır ki, zamanla belə aşınmalar ola bilir. Əsas məsələ odur ki, bununla bağlı dövlət siyasəti var, Azərbaycan dövləti tarixi abidələrin qorunması istiqamətində bütün vasitələrdən istifadə etməklə doğru olanını edib, bundan sonra da edəcək. Bu mənada bərpaya ehtiyacı olan İçərişəhər Qala divarının həmin hissəsinin də öz tarixi görkəmini saxlamaqla yenidən bərpa olunması məsələsi öz həllini tapacaq”.