NIPA-30

Partiya üçün “5 min tələbi” dəyişsinmi?

2023-cü ildən tətbiq olunan “Siyasi partiyalar haqqında” qanuna görə, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. 1992-2022-ci illərdə qüvvədə olmuş qanunda dövlət qeydiyyatı üçün 1000 üzv kifayət edirdi. Tələbin sərtləşməsi Azərbaycanda siyasi partiyaların iki dəfədən çox azalması – 59-dan 26-ya düşməsi ilə nəticələnib, yeni partiyalar isə təsis olunmur.

“Siyasi partiyalar haqqında” qanunun yumşaldılması, qeydiyyat üçün minimum üzv tələbinin 5000 nəfər deyil, daha az götürülməsi mümkündürmü?

Medianews.az saytı bu sualla partiya liderlərinə müraciət edib.

Milli İstiqlal Partiyasının sədri, parlamentin deputatı Arzuxan Əlizadə bildirir ki, 2023-cü ildə 5 min üzv tələbinin tətbiqinə başlanandan bəri partiyalar hər il öz üzvləri haqda məlumatları dövlət reyestrinə daxil edir: “Hər dəfə partiyanın yeni üzvləri, dünyasını dəyişmiş və ya partiyadan çıxmış şəxslər haqda məlumatlar əsasında reyestr təzələnir. Görünən odur ki, siyasi partiyaların qanunun bu tələbindən ciddi narahatlığı yoxdur. Ən azından hazırda dövlət qeydiyyatında olan partiyaların narazı olduğu görünmür. Ona görə hesab etmirəm ki, yaxın dövrdə partiya üzvlərinin sayının 5 min nəfərdən az olmaması ilə bağlı məsələ yenidən gündəmə gətirilə, limitin dəyişdirilməsi təklifi verilə bilər. Qanun hələ yeni tətbiq olunur. Bu baxımdan yaxın zamanda ən azı partiya üzvlərinin sayı ilə bağlı hər hansı dəyişikliyə gediləcəyini gözləmirəm. Buna əsas verə biləcək proses görünmür”.