Antalya forumundan dünyaya mesaj
Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair brifinqdə bildirib ki, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Şahbaz Şərif arasında nümayiş olunan səmimiyyət bütün dünyaya mühüm bir mesajdır. Nazir vurğulayıb ki, bu birlik “qardaşların bütün dünyaya mesajıdır”.Hakan Fidan əlavə edib ki, hər üç lider dostluq münasibətlərini dəfələrlə sübut ediblər və bu, xalqların hisslərini də əks etdirir. Onun sözlərinə görə, bu liderlərin birliyi regional sülh və təhlükəsizlik baxımından beynəlxalq diqqət mərkəzindədir.
Bu yaxınlaşma regionda yeni siyasi və iqtisadi əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilərmi?
Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan bölgənin əsas lider dövləti olaraq regionda dayanıqlı sülhə nail olunmasının əsas müəlliflərindəndir. Həmçinin bu prosesdə qardaş Pakistan dövləti də iştirak edir. Antalya Diplomatiya Forumunda Pakistanın Baş naziri Şahbaz Şərif də növbəti dəfə öz mövqeyini ifadə edib, Azərbaycanı qardaş ölkə adlandırıb və birgə fəaliyyət istiqamətlərinin konturları ilə bağlı fikirlərini bölüşüb.
“Bu gün dünyada formalaşmaqda olan çoxqütblü sistemdə yeni bir qütbün yaranması və güclənməsi prosesi gedir. Buraya Türk Dövlətləri Təşkilatı, eyni zamanda Türk Dövlətləri Təşkilatına bilavasitə dəstək verən və onun yanında olan Pakistan və bir sıra başqa ölkələr də daxildir. Məqsəd bölgədə dayanıqlı sülhün təmin olunmasıdır. Düzdür, regionda başqa təhdidedici amillər də mövcuddur. Hazırda davam edən ABŞ–İsrail–İran qarşıdurması çərçivəsində uzunmüddətli gərginlik müşahidə olunub və yenə də müharibə mesajları verilməkdədir. Prosesin nə ilə nəticələnəcəyi isə hələ böyük sual olaraq qalır. Regionda sülhün tam şəkildə bərqərar olması üçün bu problemin həlli də olduqca vacibdir. Çünki İran da bölgədə qonşu dövlətdir. ABŞ-ın da bu prosesdə bilavasitə tərəf kimi iştirakı, həm də geniş mənada regionda öz nüfuz dairəsini genişləndirmək məqsədini daşıyır. Nəzərə alsaq ki, ABŞ Zəngəzur dəhlizi ilə bağlı – “Tramp yolu” adlandırılan layihənin bilavasitə əsas iştirakçılarından biridir. Bu kontekstdən yanaşdıqda ABŞ–İran qarşıdurmasının tezliklə həlli Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün vacibdir”-deyə deputat bildirib.
Arzuxan Əlizadə vurğulayıb ki, bu layihənin reallaşması üçün müəyyən əngəllər mövcuddur və həmin əngəllər aradan qaldırılmalıdır: “Bu əngəllər sırasında Ermənistanın üzərinə götürdüyü öhdəliklər də var ki, onlar yerinə yetirilməlidir. Ermənistanda keçiriləcək seçkilərdən sonra Paşinyan hakimiyyətdə qalarsa, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi və digər məsələlərin həlli ilə bağlı addımlar atılmalıdır. Ermənistanın da marağındadır ki, layihələr gerçəkləşsin və Ermənistan tranzit ölkəyə çevrilsin, Azərbaycan və Türkiyə ilə sərhədlər açılsın.”