NIPA-30

Paşinyan onları susdurdu: Bu məsələ artıq gündəmdə deyil – ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları regionda post-münaqişə dövrü ilə bağlı yeni müzakirələrə səbəb olub. O bildirib ki, Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıdışı məsələsinin davamlı şəkildə gündəmdə saxlanılması məhsuldar deyil və bu mövzu artıq bağlanmalıdır. Paşinyanın sözlərinə görə, “kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmaq” yanaşması sülhə xidmət etmir və yalnız qarşılıqlı reallıqların qəbul edilməsi ilə irəliləyiş mümkündür.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq uzun müddətdir bu mövqeyi ifadə edir:

“Hazırda sərgilədiyi yanaşma, əslində, gələcəkdə dayanıqlı sülhə töhfə verə biləcək mövqedir. Məsələ burasındadır ki, Azərbaycanın, xüsusilə Qarabağ bölgəsində və əvvəllər işğal altında olmuş ərazilərində yaşayan ermənilər öz istəkləri ilə bu əraziləri tərk ediblər. Həmin dövrdə Azərbaycan tərəfi onlara qalmaq imkanı da təqdim etmişdi. Lakin onlar könüllü şəkildə getməyi seçdilər. Bunun əsas səbəblərindən biri isə Azərbaycan ərazisində qalacaqları təqdirdə Azərbaycan vətəndaşlığını qəbul etməli olmaları idi. Bu qərarın arxasında başqa bir mühüm amil də dayanırdı. Belə ki, istər Birinci Qarabağ müharibəsi dövründə, istər sonrakı işğal illərində, istərsə də İkinci Qarabağ müharibəsi zamanı bölgədə yaşayan ermənilərin müəyyən hissəsinin azərbaycanlılara qarşı müxtəlif cinayətlərdə iştirak etdiyi iddia olunur. Onlar anlayırdılar ki, Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda bu əməllərə görə qanun qarşısında cavab verməli olacaqlar. Bu səbəbdən də əksəriyyəti ərazini tərk etməyə üstünlük verdi. Hazırda həmin şəxslərin böyük hissəsi Ermənistanda məskunlaşmayıb. Bir qismi Ermənistan vətəndaşlığı alsa da, digərləri Avropa və başqa ölkələrə miqrasiya edib və onların geri qayıtmaq niyyəti demək olar ki, yoxdur”.

O bildirib ki, Ermənistanda mövcud olan revanşist qüvvələr və onları dəstəkləyən bəzi dairələr bu məsələni siyasi alətə çevirərək, ermənilərin geri qayıdışı mövzusunu gündəmdə saxlayır və bu yolla regionda gərginliyi artırmağa çalışırlar:

“Paşinyan isə bu reallıqları anlayır. O, hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda yeni vəziyyət yaradıb və bu, eyni zamanda Ermənistana da daha müstəqil dövlət kimi formalaşmaq imkanı verir. Uzun illər ərzində Ermənistanın Rusiyadan asılılığı iqtisadi, siyasi və hərbi baxımdan onun tam suveren qərarlar verməsini məhdudlaşdırıb. Bu təsir mexanizmləri bu gün də müəyyən dərəcədə qalmaqdadır. Məhz bu səbəbdən Paşinyan daha real və praqmatik mövqedən çıxış edərək sülhə nail olunmasını dəstəklədiyini bildirir. O, mövcud reallıqların qəbul edilməsinin vacibliyini vurğulayır və hesab edir ki, təxribat xarakterli yanaşmalardan imtina edilməli, regionda sabitlik üçün addımlar atılmalıdır. Bu mövqe, ümumilikdə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edir. Hazırda əsas məsələ bu siyasi xəttin davamlı olub-olmamasıdır. Yəni Paşinyanın seçkilərdə mövqeyini qoruyub saxlaması və bu siyasəti davam etdirməsi həlledici amil kimi qiymətləndirilir. Ermənistanın üzərinə götürdüyü öhdəliklər də önəmlidir. Konstitusiya səviyyəsində Azərbaycana qarşı ərazi iddialarından imtina edilməli və digər şərtlər yerinə yetirilməlidir ki, iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması mümkün olsun. Region üçün mühüm əhəmiyyət daşıyan kommunikasiya layihələri də gündəmdədir. Xüsusilə, Zəngəzur dəhlizinin açılması məsələsi diqqət mərkəzindədir. Bu layihənin reallaşması Ermənistan üçün də ciddi iqtisadi imkanlar yarada bilər. Belə ki, ölkə qapalı vəziyyətdən çıxaraq tranzit ölkəyə çevrilə və regional iqtisadi əlaqələrdən faydalana bilər. Paşinyanın İkinci Qarabağ müharibəsindən sonra sərgilədiyi mövqe daha realist və praqmatik yanaşma kimi qiymətləndirilir. Mövcud şəraitdə bu xəttin davam etdirilməsi regionda sülh və sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir”.