197 il əvvəl 10-dan çox idi, indi biri qalıb – ermənilər Qarabağda nələri dağıtdı?
Azərbaycan ərazilərində və Ermənistan daxilində azərbaycanlılara aid tarixi-dini abidələrin dağıdılması, məzarlıqların və mədəni irsin qəsdən məhv edilməsi münaqişə dövrünün acı reallıqlarındandır. Hətta bəzi abidələrin mənimsənilməsi halları da qeyd olunur. Xüsusilə Qarabağda müşahidə edilən bu vandalizm halları artıq beynəlxalq ictimaiyyətin diqqətindən yayınmır.
Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, ermənilərin işğaldan azad olunmuş ərazilərdə guya erməni dini-mədəni irsinin dağıdılması ilə bağlı iddiaları əsassızdır:
“Bu, uzun illər aparılan təbliğatın tərkib hissəsidir və beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib, amma reallıq tam fərqlidir. İşğaldan azad edilmiş ərazilərdə aparılan müşahidələr göstərir ki, 30 il ərzində Azərbaycan xalqına məxsus çoxsaylı dini və mədəni abidələr dağıdılıb. Həmin ərazilərdə 65 məscidin məhv edilməsi bunu açıq şəkildə təsdiqləyir. Bir sıra tarixi abidələr yer üzündən silinib, bəziləri isə mənimsənilərək saxtalaşdırılıb. Xüsusilə alban irsinə aid abidələrin başqa ad altında təqdim edilməsi bu siyasətin tərkib hissəsidir. Eyni zamanda, məzarlıqlar və digər qorunmalı mədəni obyektlər də ciddi vandalizmə məruz qalıb”.
Deputat bildirib ki, bu cür hallar təkcə işğaldan azad edilmiş ərazilərlə məhdudlaşmır:
“Qərbi Azərbaycanda da illər boyu oxşar vandalizm faktları qeydə alınıb. Aparılan monitorinqlər nəticəsində 734 qəbiristanlıqdan 201-i üzrə faktlar sənədləşdirilib. Məlum olub ki, 12 qəbiristanlığın üzərindən yollar çəkilib, 16-sının yerində yaşayış obyektləri tikilib, 56-sı əkin sahəsinə çevrilib, 6-sı dəyişdirilərək başqa məqsədlərlə istifadə olunub, 67-si isə tamamilə dağıdılıb. Tarixi mənbələr də bu dağıntıların miqyasını təsdiqləyir.
Məsələn, 1829-cu ildə İrəvan şəhərində 12 məscid mövcud olduğu halda, bu gün yalnız Göy məscid qorunub saxlanılıb. Onun da mənsubiyyətinin fars məscidi kimi təqdim edilməsi cəhdləri müşahidə olunur. Bu kimi faktlar kifayət qədər olsa da, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər davamlı və sistemli şəkildə aparılmalıdır. Əks halda, bu vəziyyətdən istifadə edən tərəf öz təbliğatını gücləndirərək reallığı təhrif etməyə çalışır.
İrəli sürülən iddialar regionda etimad mühitinin formalaşmasına xidmət etmir, əksinə, sülh prosesinə mənfi təsir göstərir. Mövcud faktlar isə göstərir ki, baş verən vandalizm halları kifayət qədər sənədləşdirilib və bu məlumatların beynəlxalq səviyyədə ardıcıl şəkildə təqdim olunması vacibdir”.