AMİP Gənclər Təşkilatından maarifləndirici təşəbbüs – FOTOLAR
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının dəstəyi ilə tələbələrin fərdi inkişafına və gələcək karyera imkanlarına işıq tutan “21-ci əsrdə uğurlu tələbə necə olmalıdır?” mövzusunda seminar-treninq keçirilib.
Gənclərin böyük marağına səbəb olan tədbir müasir dövrün çağırışlarına cavab verən intellektual müzakirə platformasına çevrilib. Təlimin əsas qayəsini gənclərin dəyişən dünya nizamına adaptasiyası və onların rəqabətədavamlı kadr kimi yetişməsi təşkil edib.
Proqram çərçivəsində aşağıdakı prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb: tənqidi təfəkkür, informasiya bolluğunda düzgün təhlil qabiliyyəti, effektiv kommunikasiya, ünsiyyət bacarıqlarının peşəkar səviyyədə inkişafı, zamanın idarə olunması, süni intellekt və texnologiya, yeni dövrün rəqəmsal tələblərinə uyğunlaşma.
Tədbiri giriş sözü ilə açan AMİP sədri, millət vəkili Arzuxan Əlizadə gəncləri salamlayaraq, bu növ maarifləndirici layihələrin dövlətin gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, süni intellektin və texnoloji yeniliklərin sürətlə inkişaf etdiyi bir dövrdə gənclərin xarici dil biliklərinə yiyələnməsi və elmi potensiallarını artırması artıq seçim deyil, zərurətdir.
Millət vəkili gənclərə fəaliyyətlərində uğurlar arzulayıb və onlara daim öz üzərlərində çalışmağı tövsiyə edib.
Təlimçi, gənc jurnalist Seyranə Quliyeva çıxışında tələbəlik illərinin səmərəli təşkili və fərdi inkişaf yolları barədə şəxsi təcrübələrini bölüşüb. Təlim klassik mühazirə formatından kənara çıxaraq, debat, sual-cavab və canlı diskussiya şəraitində davam edib.
Tələbələr müasir dünyada gənclərin qarşılaşdıqları çətinliklər və onların həlli yolları barədə öz baxış bucaqlarını ifadə ediblər.
Tədbirin sonunda gənclər millət vəkili Arzuxan Əlizadə tərəfindən sertifikatlarla təltif olunublar.
Görüşün yekununda bu formatda təlimlərin silsilə xarakter daşıyacağı və gənclərin ictimai-siyasi, eləcə də fərdi inkişafına dəstəyin davam etdiriləcəyi xüsusi qeyd olunub.
Bu təlim gənclərin yalnız bilik qazanması üçün deyil, həm də onların öz potensiallarını kəşf etməsi üçün mühüm addım olub.













