NIPA-30

“Bakı-Kiyev münasibətləri bundan sonra da ən yüksək səviyyədə davam edəcək” – Arzuxan Əlizadə

“Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Azərbaycanda rəsmi səfərdə olub və Prezident İlham Əliyev ilə Qəbələ şəhərində görüş keçirib. Bu, Azərbaycan-Ukrayna münasibətlərinin yeni dövrdə inkişafı baxımından əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Məlumdur ki, Bakı-Kiyev münasibətləri uzun illər ərzində artan dinamika ilə inkişaf edib. Azərbaycan və Ukrayna müxtəlif platformalarda birlikdə təmsil olunublar. İstər keçmiş Sovet dövründə, istərsə də ondan sonrakı mərhələdə – BMT, MDB çərçivəsində və digər platformalarda hər iki tərəf bir-birini mütəmadi olaraq dəstəkləyib. İki dost xalq arasındakı münasibətlər müsbət məcrada inkişaf edir”.

Bu sözləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də ölkəmizə səfərini və Bakı-Kiyev münasibətlərinin mövcud vəziyyətini şərh edərkən deyib.

Deputat Azərbaycanın vaxtilə düşmən tapdağı altında olan torpaqlarını xatırladaraq Ukraynanın indiki vəziyyəti ilə paralellər aparıb:

“Məlumdur ki, Azərbaycan 30 il ərzində əraziləri işğal altında olan və bundan əziyyət çəkən dövlət kimi mövcud olub. Bu gün də Ukrayna ciddi problemlərlə üz-üzədir. Artıq 4 ildən çoxdur ki, Ukraynada Rusiya ilə davam edən müharibə nəticəsində ərazinin 20 faizi işğala məruz qalıb. Nəticədə böyük dağıntılar, insan itkiləri və müharibənin hələ də davam etməsi Ukraynanı olduqca ağır vəziyyətə salıb”.

“Məsələ burasındadır ki, bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan daim Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Ölkəmiz bununla bağlı mövqeyini açıq şəkildə bəyan edib və bu istiqamətdə prinsipial mövqe nümayiş etdirib. Bunun bariz nümunəsi müharibə davam etdiyi müddətdə Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar yardımdır”.

A. Əlizadə hər iki ölkə arasında xüsusilə enerji sahəsində davam edən uğurlu münasibətləri vurğulayıb:

“Eyni zamanda enerji sahəsində də əməkdaşlığımız mövcuddur. Digər sahələrdə də Bakı-Kiyev münasibətləri uğurla inkişaf edir. Bu dövr ərzində iki ölkə arasında 160-dan çox sənəd imzalanıb. Eyni zamanda, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bu kontekstdə münasibətlərin davamlı inkişafı təbiidir”.

Həmsöhbətimiz qeyd edib ki, 2022-ci ildən etibarən Ukraynada davam edən müharibə dövründə Azərbaycan bu ölkəyə siyasi dəstəyini davam etdirib, iqtisadi baxımdan isə humanitar yardım göstərib:

“Eyni zamanda, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye inkişaf edir. Volodimir Zelenskinin bu dəfəki səfəri çərçivəsində bir sıra sənədlərin imzalanması ilə yanaşı, gələcəkdə hərbi sənaye sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və hətta birgə istehsal müəssisələrinin yaradılması ilə bağlı məsələlər də müzakirə olunub. Əminliklə demək olar ki, Bakı-Kiyev münasibətləri bundan sonra da ən yüksək səviyyədə davam edəcək. Azərbaycan Ukrayna xalqının ağır günlərində daim yanında olub. Prezident İlham Əliyevin tədbirlərin birində səsləndirdiyi “yetər ki, işğalla barışmayasız” ifadəsi də ukraynalılar tərəfindən yüksək qiymətləndirilib. Bu gün Ukrayna xalqı da öz ərazi bütövlüyü uğrunda fədakarlıqla mübarizə aparır. Onların qarşısında Azərbaycan nümunəsi var. Biz də torpaqlarımızın işğaldan azad olunması istiqamətində illərlə mübarizə apardıq və nəhayət, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. İnanıram ki, Ukrayna xalqı da bu ağır günlərdən şərəflə çıxacaq. Bu dövrdə ölkəmizin dəstəyi Ukrayna xalqının diqqət mərkəzində olub. Dəfələrlə Volodimir Zelenski İlham Əliyevə və Azərbaycan xalqına göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Son günlər baş tutan dövlət başçılarının görüşündə də bir sıra məsələlərin müzakirəsi ilə yanaşı, Ukrayna Prezidenti Azərbaycan Prezidenti və xalqına göstərilən dəstəyə görə bir daha təşəkkürünü ifadə edib”.