NIPA-30

Afsəddin Nəbiyev: “Bakının danışıqlar məkanı kimi rədd edilməsi Rusiyanın sülhə hazır olmamasından xəbər verir”

Rusiya hazırda Azərbaycanı Ukrayna ilə danışıqlar üçün meydança qismində nəzərdən keçirmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Məlumat üçün qeyd edək ki, aprelin 25-də Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycana səfərində Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib: “Bizim üçtərəfli və digər formatlarda danışıqlarımız baş tutdu. Görüşlərin bir qismi Türkiyədə, növbəti mərhələsi isə amerikalı tərəfdaşlarımızın iştirakı ilə Cenevrədə keçirildi. Əgər Rusiya tərəfi də diplomatiya yolunu seçərsə, biz danışıqları Azərbaycanda aparmaq istərdik”.

Axı niyə, nə üçün Rusiya bu variantı nəzərdən keçirmir? Necə olur ki, dəfələrlə ABŞ-Rusiya baş qərargah rəisləri, Rusiya-NATO rəsmiləri Bakıda danışıqlar apara bilir, amma indi bu mümkün olmur? Rusiya nəyə görə Zelenski ilə Azərbaycanda görüşməyə maraqlı deyil? Niyə tərəfsiz olan Azərbaycanı danışıq məkanı kimi görmək istəmir?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev baki-xeber.com-a açıqlamasında Moskvanın belə mövqe sərgiləməsini bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanın müstəqil və balanslı xarici siyasəti, əslində, Moskvanın “vasitəçi” anlayışına uyğun gəlmir. Kreml adətən danışıqlar masasında ya tam üstünlüyünü hiss etdiyi, ya da Qərbə qarşı rəqabətdə istifadə edə biləcəyi platformaları seçir. Azərbaycanın həm Ukraynanın ərazi bütövlüyünü tanıması, həm də Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalaması onu neytral mövqedə saxlayır. Lakin Rusiya hazırda səmimi, tərəfsiz vasitəçi yox, öz şərtlərini diktə edə biləcəyi mühit axtarır. Dmitri Peskovun Bakı variantını kənara qoyması Kremlin diplomatik həllə deyil, hərbi üstünlüyə güvəndiyini göstərir. Moskva sülh masasına yalnız Ukraynanın tam zəiflədiyi və şərtlərin diktə olunduğu anda oturmaq istəyir. Bu isə Azərbaycanın təklif etdiyi beynəlxalq hüquqa əsaslanan ədalətli müzakirə mühitinə ziddir. Azərbaycan son illərdə həm hərbi, həm də diplomatik sahədə qazandığı uğurlarla regional güc mərkəzinə çevrilib. Bakının Rusiya və Ukrayna arasında sülhə nail olması ölkənin qlobal nüfuzunu daha da artırardı. Lakin Rusiyanın bəzi dairələrində belə bir uğurun Moskvanın birbaşa diktəsi olmadan baş verməsinə qarşı gizli müqavimət hiss olunur. Bu, Azərbaycanın artan nüfuzuna qarşı qısqanclığın açıq göstəricisidir. Azərbaycan 30 illik işğal təcrübəsindən çıxış edərək həmişə beynəlxalq hüququ və sərhədlərin toxunulmazlığını müdafiə edib. Ukrayna məsələsində də Bakının mövqeyi bu prinsipə əsaslanır. Rusiya isə “güc hüququ” strategiyasını üstün tutaraq, ədalətli vasitəçilik imkanlarını qəbul etmir. Nəticə etibarilə, Bakının danışıqlar məkanı kimi rədd edilməsi Azərbaycanın qeyri-münasibliyindən deyil, Rusiyanın sülhə hazır olmamasından xəbər verir. Əsl sülh istəyən tərəf üçün yerin fərqi olmamalıdır. Amma görünür, Moskva üçün “sülh” hələ də “tabe etmək” sözünün sinonimi olaraq qalır. Belə bir ağrılı müharibənin zamana ehtiyacı var. Vaxt gələcək Rusiya rəsmiləri buraxılmış fürsətlər üçün çox peşmançılıq çəkəcəklər. Hələ bu dünyada heç bir qüvvə sülhə qalib gələ bilməyib”.