NIPA-30

“Kalininqrad modeli üzrə Zəngəzur dəhlizində Ermənistanın nəzarəti gələcəkdə siyasi təzyiq alətinə çevrilə bilər” – Arzuxan Əlizadə

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda regionda strateji əhəmiyyətli layihələr gündəmə gəlməkdədir. Bu layihələr arasında ən diqqətçəkəni 2025-ci il avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış birgə bəyannamə əsasında formalaşan TRIPP layihəsidir. Naxçıvanı Ermənistan ərazisi (Sünik/Zəngəzur) vasitəsilə Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək bu nəqliyyat-infrastruktur marşrutu regionun strateji mənzərəsini dəyişmək potensialına malikdir.

Son dövrlərdə Litva rəsmiləri TRIPP layihəsi çərçivəsində Kalininqrad modelinin tətbiqini təklif edirlər. Bu modelə əsasən, Rusiya vətəndaşlarının Litva ərazisindən keçərək Kalininqrada getməsi üçün tətbiq olunan sadələşdirilmiş prosedurlar Azərbaycan və Naxçıvan arasındakı gediş-gəlişə də uyğunlaşdırıla bilər. Belə olan halda, Azərbaycan vətəndaşları və yükləri Ermənistan ərazisindən keçərkən “non-stop” (dayanmadan) və ya minimal şəffaf prosedurlarla hərəkət edəcək, sərnişinlərin qatardan düşməsinə ehtiyac qalmayacaqdır.

Litvanın xarici işlər nazirinin müavini Audra Plepyte 2026-cı ilin mayında keçirilən “İrəvan Dialoqu” forumunda bildirib ki, bu təcrübə həm insanların, həm də yüklərin təhlükəsiz hərəkətinə zəmanət verir. Diplomatın fikrincə, Litvanın sınaqdan keçmiş bu tranzit sxemi Ermənistanın suverenliyinə xələl gətirmədən Azərbaycanın şəffaf və sürətli keçidlə bağlı narahatlıqlarını tamamilə aradan qaldıra bilər.

Bəs Litvanın təklif etdiyi bu model Azərbaycanın milli maraqlarına tam cavab verirmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Patrul.az-a açıqlamasında bildirib ki, bu layihənin müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də var:

Millət vəkili əvvəlcə modelin müsbət tərəfini izah edib:

“Kalininqrad tranzit modeli Rusiyanın əsas ərazisi ilə Kalininqrad vilayəti arasında Litva üzərindən reallaşdırılan bir tranzit mexanizmidir. Zəngəzur dəhlizi adlandırdığımız kommunikasiya qovşağında bu modelin tətbiqinin nə dərəcədə uyğun olub-olmaması məsələsinə müxtəlif tərəflərdən yanaşmaq mümkündür.

Bu modelin müsbət tərəfi Azərbaycanın əsas ərazisi ilə bizim ayrılmaz tərkib hissəmiz olan Naxçıvan arasında sabit quru əlaqənin yaradılmasını təmin edə bilər. Eyni zamanda Naxçıvana, bütövlükdə isə Türkiyəyə bu istiqamətdə sərnişin daşımalarının reallaşması və sürətlənməsi mümkündür. Həmçinin Naxçıvan və Türkiyə ilə birbaşa logistik xətt əldə edilmiş olar”.

A. Əlizadənin sözlərinə görə, bu model üzrə azərbaycanlıların Ermənistan ərazisindən keçməsi üçün sənəd tələbi gələcəkdə keçidə məhdudiyyətlərin qoyulmasına yol aça bilər:

“Bu cür model tətbiq olunsa, Ermənistandakı müəyyən qüvvələri narahat edən suverenlik məsələsində Ermənistanın mövqeyi üstünlük təşkil edir.

Yəni həmin tranzit qovşağında ərazisindən keçdiyi Ermənistan öz təsir imkanlarını saxlamış olur. Bu da gələcəkdə siyasi təzyiq alətinə çevrilə bilər. Belə ki, burada Ermənistanın gömrük və müvafiq sərhəd orqanları nəzarəti həyata keçirəcək. Ona görə də gələcəkdə siyasi təzyiq vasitəsi kimi Ermənistan tərəfi keçidin bağlanması və ya məhdudlaşdırılmasını həyata keçirə bilər. Bu model belə riskləri də özündə ehtiva edir”.

Həmsöhbətimiz əsas məqsədin Naxçıvana maneəsiz keçidin təmin olunması olduğunu vurğulayaraq bu modeli o qədər də uğurlu hesab etmədiyini bildirib:

“Bu, əslində “”dəhliz” anlayışının zəiflədilməsi deməkdir. Belə olan halda Azərbaycanın maraqlarına tam uyğun hesab edilmir.

Fikrimcə, Kalininqrad tranzit modeli müəyyən praktiki üstünlüklər yaratsa da, strateji baxımdan o qədər də ideal model hesab oluna bilməz. Çünki bizim əsas marağımız Naxçıvana maneəsiz, təhlükəsiz və davamlı çıxışı təmin etməkdir. Eyni zamanda regional logistikada liderlik və siyasi risklərdən qorunan nəqliyyat xətləri əldə etməkdir. Kalininqrad modeli isə bu baxımdan gələcəkdə müəyyən problemlər yarada bilər. Lakin istənilən halda beynəlxalq zəmanət və hüquqi təminat olacağı təqdirdə, kommunikasiya qovşağının açılması istiqamətində risklərin qarşısını almaq mümkün olacaqsa, Kalininqrad modeli deyil, fərqli bir modeldə tranzit qovşağının reallaşması mümkündür”.

“Onsuz da tranzit qovşağı açılacaq, çünki burada böyük dövlətlərin, Azərbaycanın və digər regional ölkələrin – xüsusilə qardaş Türkiyənin maraqları var. Ona görə də tranzit qovşağının fəaliyyətə başlaması birmənalıdır. Sadəcə olaraq biz gələcək risklərdən qorunmaq üçün davamlı və fasiləsiz logistik imkanlar yaradan elə bir model seçməliyik ki, gələcəkdə hər hansı problemlə üzləşməyək. Bu layihənin əsas müəllifi Azərbaycandır, çünki bu layihə Naxçıvan ərazisindən keçməklə reallaşır. Azərbaycan bu logistik xətt üzərində liderliyini qoruyub saxlamalıdır. Türkiyənin də bu məsələdə maraqları tam təmin olunmalıdır”, – deyə deputat əlavə edib.