NIPA-30

Müstəqillik Günü xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyır – RƏY

Azərbaycan Xalq Cümhuriyyəti ötən əsrin əvvəlində — 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika kimi tarixə adını qızıl hərflərlə yazdı. Bu möhtəşəm dövlətçilik nümunəsi xalqımızın azadlıq, müstəqillik və milli birlik ideallarının təcəssümü olmaqla yanaşı, vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin zəngin irsi bu gün də gənc nəslin milli mənlik şüurunun möhkəmlənməsinə, Vətənə sevgi, dövlətə sədaqət və milli dəyərlərə bağlılıq hisslərinin aşılanmasına güclü təsir göstərir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dövrün mürəkkəb tarixi və siyasi reallıqları AXC-nin uzunömürlü olmasına imkan verməyib. Onun sözlərinə görə, şimalda və cənubda baş verən proseslər, xüsusilə bolşevik Rusiyasının işğalçı siyasəti nəticəsində cümhuriyyət cəmi 23 ay yaşaya bildi.

A.Əlizadə xatırladıb ki, bununla belə AXC qısa müddət ərzində Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi və bir çox sahələrdə mühüm islahatlar və uğurlu addımlarla tarixə düşd

“Təsadüfi deyil ki, 70 ildən sonra – 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa edərkən özünü 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Lakin həmin dövrdə Azərbaycanın tarixi sərhədləri artıq pozulmuşdu. Tarixi Azərbaycan torpaqlarının bir hissəsi müxtəlif siyasi qərarlar nəticəsində heç bir beynəlxalq hüquq normalarına uyğun olmadan Ermənistana verilmişdi. Həmin ərazilərdə yaşayan azərbaycanlılar deportasiyalara, sürgünlərə və ağır təzyiqlərə məruz qaldılar, nəticədə doğma yurdlarını tərk etməyə məcbur oldular. Müstəqilliyimizin ilk illərində Azərbaycan yenidən işğal faktı ilə üzləşdi və torpaqlarımızın 20 faizi işğal altına düşdü. Lakin İkinci Qarabağ müharibəsi və sonrakı antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və torpaqlarını işğaldan azad etdi”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan regionun siyasi, iqtisadi və hərbi baxımdan ən güclü dövlətlərindən biri kimi faəliyyətini davam etdirir: “Müstəqillik Günü xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. 1918-ci ildə əsası qoyulan dövlətçilik ənənələri bu gün də uğurla davam etdirilir. Ən vacib məsələlərdən biri də bu tarixi irsin gənc nəslə çatdırılmasıdır. Gənclərimiz Azərbaycan tarixini dərindən bilməli, öz savadı, biliyi və bacarığı ilə dövlətimizin daha da qüdrətlənməsinə töhfə verməlidirlər. Bu istiqamətdə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir. Ümid edirik ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiq qalaraq dövlətimizin inkişafı və qüdrətlənməsi yolunda mühüm uğurlar qazanacaq“.