Yaşı 16-ya qədər olan şəxslərin sosial şəbəkələrə girişi necə tənzimlənəcək? – AÇIQLAMA
Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydaların tətbiqi gündəmə gəlib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Yeni sənəd sosial şəbəkə qlobal nəhənglərinin (Meta, TikTok, Google və s.) Azərbaycandakı fəaliyyətini leqallaşdırmaqla yanaşı, istifadəçilər üçün ciddi yaş senzinin tətbiqini nəzərdə tutur.
Qanun layihəsinin ən çox müzakirə edilən bəndi yeniyetmələrin sosial platformalardakı fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.
Qeydiyyat qadağası: Azərbaycanda 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkələrdə fərdi rəqəmsal hesab (profil) yaratmasına rəsmi olaraq yol verilməyəcək.
Mütəmadi təhlil və davranış monitorinqi: Provayderlər (sosial şəbəkə platformaları) istifadəçilərin profildəki davranışlarını, yazışma və maraq dairələrini mütəmadi olaraq alqoritmlər vasitəsilə təhlil etməyə borclu olacaqlar.
Təkrar yaş yoxlanılması (Age Verification): Əgər istifadəçinin sistemə daxil etdiyi rəsmi yaşı ilə real davranışı arasında ziddiyyət yaranarsa (əsaslı şübhələr doğurarsa), platforma həmin şəxsdən təkrar yaş təsdiqi tələb etməlidir.
Dərhal bloklanma: Yaş tələbinin pozulması (yəni istifadəçinin əslində 16 yaşdan kiçik olması) aşkar edildiyi an, həmin hesaba giriş dərhal məhdudlaşdırılacaq.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, bu gün informasiya texnologiyaları sahəsi ilə bağlı yeni qanun layihəsi təqdim olunub
“Müəyyən keçid dövründən sonra 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdə qeydiyyatı və istifadəsi ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Hesab edirəm ki, bu, olduqca vacib qanun layihələrindən biridir. Belə təcrübə bir çox inkişaf etmiş ölkələrdə də mövcuddur. Bir sıra ölkələrdə azyaşlıların sosial platformalardan istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq edilib. Çünki sosial şəbəkələrdən nəzarətsiz istifadə bir çox hallarda zərərli vərdişlərin formalaşmasına, həmçinin uşaq və yeniyetmələrin təlim-tərbiyəsinə mənfi təsir göstərə bilir“.
Deputat qeyd edib ki, ilkin mərhələdə qeydiyyat zamanı şəxsiyyət vəsiqəsindən istifadə olunması variantı müzakirə edilsə də, sonradan bunun müəyyən risklər yarada biləcəyi qənaətinə gəlinib.
“Şəxsiyyət vəsiqəsi məlumatlarından sui-istifadə halları baş verə biləcəyi üçün bu variant məqsədəuyğun hesab edilməyib. Hazırda müzakirə olunan yanaşmaya görə, 16 yaşına qədər olan şəxslərin sosial şəbəkələrdə qeydiyyatı valideynin bank kartı vasitəsilə təsdiqlənə bilər. Bu zaman kartdan simvolik məbləğin çıxılması nəzərdə tutulur. Belə mexanizm həm təhlükəsizlik baxımından daha etibarlı hesab olunur, həm də valideynlərin övladlarının sosial şəbəkələrdən istifadəsinə nəzarət imkanlarını artırır. Nəticə etibarilə, bu yanaşma həm qanunvericilik baxımından daha düzgün görünür, həm də azyaşlıların internet mühitində təhlükəsizliyinin təmin olunmasına və valideyn məsuliyyətinin gücləndirilməsinə xidmət edir”.