NIPA-30

Kimi dağda, kimi bağda: Bəs partiya sədrlərinin yay planları nədir?

Yay mövsümü bir çox sahələrdə fəaliyyət tempinin nisbətən azalması ilə xarakterizə olunsa da, partiyalar bu dövrdə də fəaliyyətlərini davam etdirirlər. Bəzi partiyalar yayda təşkilati məsələlərə, regional səfərlərə və gənclərlə bağlı layihələrə üstünlük verir, digərləri isə fəaliyyətlərini daha çox onlayn formatda həyata keçirir.

Bəs ölkəmizdəki partiyalar yay mövsümündə hansı planları reallaşdırmağı nəzərdə tuturlar?

Bu suala cavab tapmaq üçün Bakıvaxtı.az olaraq partiya rəhbərlərinə müraciət etdik.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə saytımıza deyib ki, yay ayları olmasına baxmayaraq, hərzamankı kimi planlaşdırdıqları fəaliyyətləri həyata keçirməyə davam edəcəklər:

“Bu fəaliyyətlər çərçivəsində Ali Məclisin iclasının çağırılması, Siyasi Şuranın iclasının keçirilməsi və növbəti dövr üçün partiyanın fəaliyyət istiqamətlərinin yenidən nəzərdən keçirilməsi planlaşdırılır. Eyni zamanda yay dövründə bir sıra rayon təşkilatlarına səfərlərimiz nəzərdə tutulub və bunlar müəyyən edilmiş qrafik üzrə həyata keçiriləcək. Həmçinin Gənclər Təşkilatımızın da müxtəlif tədbirlərlə bağlı planları var. Bu tədbirlər sırasında partiyanın növbəti ildönümünə hazırlıq işləri və bununla bağlı tədbirin keçirilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, bundan əlavə, Qərbi Azərbaycan mövzusuna həsr olunmuş bir tədbirin reallaşdırılması da planlaşdırılır:

“Bunlar Gənclər Təşkilatımızın fəaliyyət planında yer alan əsas istiqamətlərdəndir. Qeyd etdiyim kimi, rayon təşkilatlarına səfərlər, Siyasi Şuranın iclası, növbəti fəaliyyət planlarının müzakirəsi və Ali Məclisin iclasının çağırılması əsas hədəflərimiz sırasındadır. Təbii ki, dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı məsələlər də gündəmdədir və onların müzakirəsi nəzərdə tutulur. İstənilən halda, yay aylarında da əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq planlaşdırdığımız tədbirləri həyata keçirəcəyik”.

AMİP sədri deyib ki, bununla yanaşı, partiya funksionerlərinin, mərkəzi aparatda fəaliyyət göstərən müavinlərin, müşavirlərin və digər əməkdaşların istirahəti də qrafik üzrə təşkil olunacaq:

“Çünki səmərəli fəaliyyət üçün istirahət də vacib amillərdən biridir.Partiyalar yay aylarında da fəaliyyətlərini dayandırmır və işlək mexanizm kimi fəaliyyətlərini davam etdirirlər. Bizim fəaliyyətimiz də davam edəcək. Bununla bağlı məlumatlar hər zaman olduğu kimi mütəmadi şəkildə mətbuata təqdim olunur. Həmçinin gənclərimizin beynəlxalq tədbirlərdə və seçkiləri müşahidə missiyalarının tərkibində iştirak etmək üçün xarici səfərləri də nəzərdə tutulub və bu planlar da həyata keçiriləcək. Ümumilikdə, fəaliyyətimiz ilin digər aylarında olduğu kimi davam edəcək. Sadəcə olaraq, qrafikə uyğun şəkildə partiya funksionerlərinin istirahətinə də vaxt ayrılacaq”.