Deputat: “500 manata qədər dələduzluq edənlərin inzibati həbs müddətini artırmaq olar”
“Təəssüf ki, dələduzluq son dövrlər Azərbaycanda xüsusilə geniş yayılmış cinayət növlərindən biridir. Cinayətin özünü tam olaraq müəyyənləşdirməkdə, konkret dələduzluq maddəsi ilə tövsif etməkdə də problemlər var. Çünki bunu üçün əvvəlcədən şəxsin niyyətinin nə olduğu müəyyən edilməlidir. Lakin bir çox hallarda bunu müəyyən etmək olduqca çətinlik törədir. Etibardan sui istifadə, aldatma yolu ilə şəxsin əmlakının və ya maddi vəsaitinin ələ keçirilməsi kimi tövsif olunan müvafiq maddə əvvəlcədən aldatma niyyəti olubmu, tərəflər arasında razılıq əsasında pulun, yaxud digər əmlakın verilməsi baş verirmi – bütün bunları etmək istintaq orqanı üçün bir çox hallarda problemlər yaradır. Təəssüf ki, zərərçəkmişlərin öz hüquqlarını lazımi səviyyədə bilməmələri, dələduzların toruna düşmələri, verilmiş pulun və ya əmlakın lazımi formada rəsmiləşdirilməməsi bu cinayət əməlinin müəyyən edilməsində çətinliklər yaradır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, Azərbaycan qanunvericiliyində bununla bağlı əslində əvvələr də müəyyən dəyişikliklər olub: “Hazırki qanunvericiliyə müvafiq olaraq dələduzluq, sui-istifadə etməklə başqasının əmlakını ələ keçirmə cinayəti Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tövsif olunur. Eyni zamanda, Məcəlləyə müvafiq olaraq, 500 manatdan artıq məbləğ tərəflər arasındakı münasibətlərdə nəzərdə tutulursa, bu halda cinayət məsuliyyəti yaradır. Lakin məbləğ 500 manatdan aşağı olanda artıq cinayət məsuliyyəti yaratmır və inzibati məsuliyyət hesab edilir. İnzibati Cəzalar Məcəlləsində də bununla bağlı 227-ci maddə var. Özgəsinin malını talamaq, sui-istifadə etmək yolu ilə əmlakın ələ keçirilməsi maddəsi ilə tövsif olunur. Burada 160 saatdan 240 saata qədər inzibati işlər və ya şəxsin şəxsiyyəti müəyyən edilməklə üç ay müddətinə inzibati həbs nəzərdə tutulur. Əslində, bununla bağlı hüquqşünasların müxtəlif rəyləri var. Bəziləri 500 manatlıq baryerin daha aşağı olmasını hədəfləyirlər, yəni hesab edirlər, bu, daha doğru olar və cinayət məsuliyyəti yaradar. Bəziləri isə bu məbləğin min manat və daha artıq olmasını məqsədəmüvafiq hesab edirlər. Məsələ burasındadır ki, məbləğin nə qədər olması əslində cinayət faktına, statistikaya ciddi təsir göstərməyəcək. Dələduzların xislətindən irəli gələrək istənilən böyük və kiçik məbləğdən asılı olmayaraq zərərçəkmişə maddi ziyan vurmaq niyyəti varsa, təbii ki, bunu həyata keçirmək istəyəcək. Cinayət məsuliyyəti yaranırsa, məhkəmələrin yükü bir qədər də artmış olur. Hesab edirəm, daha çox maarifləndirməyə ehtiyac var. İnsanlar etibardan sui-istifadə etmək yolu ilə əmlaklarının ələ keçirilə biləcəyini əvvəlcədən düşünməlidirlər. Kiməsə pul verirlərsə, qarşılıqlı razılıq əsasında addım atılırsa, əmlak və ya maddi vəsait qarşı tərəfə verilirsə, bu rəsmiləşdirilməlidir. Pulun geri qayıtmama ehtimalını əvvəlcədən fikirləşmək lazımdır. Son illərin statistikası göstərir ki, ölkədə baş vermiş cinayətlərin kifayət qədər əhəmiyyətli hissəsi dələduzluq cinayətləri ilə əlaqədardır. Buna görə də insanlar ehtiyatlı olmalıdırlar ki, dələduzların hədəfinə çevrilməsinlər. Digər tərəfdən isə hesab edirəm, bu tip cinayətlərin qarşısının alınması üçün müəyyən qədər qanunvericilikdə də sərtləşməyə gedilməlidir. 500 manat nominal məbləğdir. Dələduzluq halı ilə mənimsəmə 500 manatdan artıq olanda cinayət məsuliyyəti yaranır. Amma 500 manata qədər olan hissəsində də inzibati həbs müddətini artırmaq olar. Məsələn, üç aydan altı aya qədər. Yaxud daha sərt sanksiyalar tətbiq etmək mümkündür. Ən azından dələduzluq etmək niyyətində olan şəxsin qarşısında bir qədər çəkindirici amil olsun və bu əmələ getməsin. Beynəlxalq hüquqda da bu məsələ təsbit olunub. Avropa konvensiyaları var. Azərbaycan həmin konvensiyalara qoşulub. Xırda dələduzluğa, əmlak talamağa görə cinayət məsuliyyətinin məqsədəmüvafiq olmaması ilə bağlı konvensiyalarda da müddəalar öz əksini tapıb. Azərbaycan həmin konvensiyalara qoşularaq müəyyən öhdəlikləri üzərinə götürüb. Bunları da nəzərə almaq lazımdır. Hesab edirəm, hazırkı qanunvericilik əslində bu məsələlərin qarşısını almaq üçün kifayət edir. Sadəcə, bu, elə bir cinayətdir ki, dələduzluğa tövsif etmək üçün baş vermiş cinayəti şəxsin niyyətinin əvvəlcədən nə olması müəyyənləşməlidir. Tərəflər bir çox hallarda qohum, yaxın olurlar və nəticədə dələduzluğun qurbanına çevrilmiş olurlar. Hər bir şəxs özü bu məsələdə diqqətli olmalıdır”.