NIPA-30

Vətəndaşyönümlü idarəetmə sistemi formalaşır – Deputat

İyunun 29-da Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkədə rəqəmsal transformasiya prosesinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və süni intellekt əsaslı həllərin inkişafı bu istiqamətdə prioritet məsələlər kimi ön plana çıxır. Qlobal miqyasda rəqəmsallaşmanın iqtisadi artım, innovasiya və idarəetmə səmərəliliyinə təsirinin artdığı dövrdə, Azərbaycanda da vahid rəqəmsal ekosistemin formalaşdırılması strateji əhəmiyyət daşıyır. Şuranın ilk iclasında müzakirə olunan məsələlərin ölkənin texnoloji inkişaf xəritəsinin müəyyənləşdirilməsi, rəqəmsal infrastrukturun gücləndirilməsi və gələcək hədəflərin formalaşdırılması baxımından mühüm rol oynayacağı gözlənilir.

Deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə rəqəmsallaşma məsələlərinə həsr olunmuş toplantı dövlət idarəçiliyində yeni mərhələnin formalaşdığını göstərən mühüm addım kimi qiymətləndirilə bilər:

“Bu, rəqəmsal transformasiyanın artıq ayrı-ayrı layihələr səviyyəsindən çıxaraq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini nümayiş etdirir. Rəqəmsallaşmaya verilən yüksək önəm ilk növbədə idarəetmədə operativliyi və səmərəliliyi artırmağa xidmət edir. Müasir rəqəmsal texnologiyaların tətbiqi dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirir, qərarların qəbulunu daha çevik edir, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldir və bürokratik maneələrin aradan qaldırılmasına şərait yaradır. Eyni zamanda, vahid rəqəmsal platformaların inkişafı şəffaflığın və hesabatlılığın güclənməsinə, insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsinə də mühüm töhfə verir”.

O qeyd edib ki, bu istiqamətdə koordinasiyanın gücləndirilməsi müxtəlif dövlət qurumlarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsinə imkan yaradır. Rəqəmsal həllərin geniş tətbiqi resurslardan səmərəli istifadəyə, dövlət xərclərinin optimallaşdırılmasına və innovativ idarəetmə modelinin formalaşdırılmasına şərait yaradır. Bunun nəticəsində həm dövlət idarəçiliyinin keyfiyyəti yüksəlir, həm də iqtisadi inkişaf və investisiya mühitinin daha da yaxşılaşması üçün əlverişli zəmin yaranır.

“Ümumilikdə, rəqəmsallaşmaya dövlət səviyyəsində göstərilən diqqət Azərbaycanın müasir çağırışlara uyğun, çevik və vətəndaşyönümlü idarəetmə sisteminin qurulmasına hesablanmış uzunmüddətli strateji yanaşmanın tərkib hissəsidir. Bu proses dövlət xidmətlərinin əlçatanlığını artırmaqla yanaşı, ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına, beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə də mühüm töhfə verəcək”.