NIPA-30

“Sosial şəbəkələrdən gələn risklərdən uşaqları qorumalıyıq” -Partiya sədrlərindən ÇAĞIRIŞ

Uşaqlar bizim gələcəyimizdir. Buna görə də onların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə alkoqol və tütün məmulatlarından istifadəyə məhdudiyyətlər qoyulur, həmçinin müəyyən yaşa qədər uşaqların pornoqrafik məzmunlara çıxışı qadağan edilir. Biz hesab edirik ki, uşaqlar bütün diqqətlərini təhsil və fiziki sağlamlıqlarının inkişafına yönəltməlidirlər.

Eyni zamanda nəzərə almaq lazımdır ki, virtual məkan artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən, real həyatda uşaqlara tətbiq olunan qadağa və məhdudiyyətlər kimi, onların virtual mühitdə də qorunması vacibdir.

Çünki uşaqlar asanlıqla təsir altına düşə bilir və bu təsirlər onları təkcə normal həyat tərzindən uzaqlaşdırmır, həm də onların zehni və fiziki sağlamlığına ciddi zərər vurur, bəzi hallarda isə həyati təhlükə yarada bilər.

Ona görə də uşaqları rəqəmsal dünyanın zərərli və təhlükəli trendlərindən qorumaq həm dövlətin, həm də cəmiyyətin əsas vəzifələrindən biridir.

Qeyd edək ki, uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ilə bağlı yeni qanun layihəsi qəbul olunub. Belə ki, 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab yaratmasına yol verilməyəcək. 16–18 yaşlı yeniyetmələrin isə sosial şəbəkədə hesab açması valideyn icazəsi ilə mümkün olacaq.

Maraqlıdır, cəmiyyətin ictimai-siyasi həyatında mühüm rol oynayan partiya sədrləri bu qanunun qəbulunu necə qiymətləndirir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə hesab edir ki, sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər həm hüquqi, həm də sosial baxımdan vacibdir:

“Bu gün həm dövlətin, həm də cəmiyyətin əsas hədəfi yetkinlik yaşına çatmayanların rəqəmsal aləmə daha təhlükəsiz çıxışını təmin etməkdir. Qeyd edim ki, parlamentdə hazırlanan yeni qanunvericilik bazası uşaqların rəqəmsal aləmə çıxışını qadağan etmir. Sadəcə olaraq 16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışı müəyyən qədər məhdudlaşdırılır, 16-18 yaşlı yeniyetmələrinsə rəqəmsal dünyaya çıxışına valideyn razılığının tətbiqi mexanizmi  nəzərdə tutulur və bütün bunlar beynəlxalq təcrübəyə əsasən həyata keçirilir.

Hədəfsə odur ki, uşaqların rəqəmsal dünyaya təhlükəsiz çıxışı təmin edilsin. Bu qanunun qəbul edilməsi ilə bütün problemlərin həll olunucağını da düşünmək doğru deyil. Çünki ilk növbədə qanunun tələblərinin yerinə yetirilməsinə güclü nəzarət olmalıdır. Ona görə də qanunun bir il sonra qüvvəyə minəcəyi nəzərdə tutulur. O vaxtadək nəzarət və icra mexanizmləri formalaşdırılmalıdır ki, 16 yaşa qədər yeniyetmələr digər üsul və vasitələrdən istifadə etməklə qadağaları aşmaq imkanlarına malik olmasınlar.

Həmçinin uşaqların rəqəmsal savadlılığnın artırılması, məktəblərdə kibertəhlükəsizlik mövzularının tədris edilməsi və bu sahədə biliklərin daha da artırılması, həmçinin valideynlərin bu sahədə maarifləndirilməsi vacib məslələrdəndir. Yalnız bu halda effektiv nəticə əldə etmək olar”.