NIPA-30

Qarabağ beynəlxalq əməkdaşlıq və inkişaf platformasına çevrilib

Son dövrlərdə Avropa liderlərinin Şuşaya səfərlərinin intensivləşməsi, eləcə də Avropa şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələrin sayının artması Qarabağın regional əməkdaşlıq üçün yeni imkanlar yaratdığını göstərir. 

Bu baxımdan, Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş bir daha təsdiqləyir ki, Qarabağ artıq təkcə bərpa və yenidənqurma məkanı deyil, həm də Azərbaycanın beynəlxalq diplomatiyasının mühüm platformalarından birinə çevrilib. 

Dövlət başçılarının Şuşada mətbuata birgə bəyanatla çıxışı zamanı Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycanın regional və beynəlxalq əhəmiyyətinə diqqət çəkərək bildirib: 

“Azərbaycan mühüm regional iştirakçıdır. O, sabitliyin və inkişafın qarantıdır, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır. Azərbaycan bu baxımdan mühüm əhəmiyyətə malikdir.

“Cebheinfo.az”- a danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadənin sözlərinə görə, Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada səsləndirdikləri fikirlər bir daha göstərir ki, Qarabağ artıq münaqişə məkanı deyil, beynəlxalq əməkdaşlıq və inkişaf platformasına çevrilir:


 
“Şuşaya Avropa liderlərinin səfərlərinin artması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə qəbulunun növbəti təsdiqidir. Bu səfərlər həm də Azərbaycanın regionda yaratdığı yeni reallıqların Avropa ölkələri tərəfindən qəbul edildiyini və ölkəmizin diplomatik nüfuzunun getdikcə gücləndiyini göstərir”. 

Deputat bildirib ki, Slovakiya ilə strateji tərəfdaşlığın məhz praktik layihələrlə müşayiət olunması xüsusi əhəmiyyət daşıyır: 

“Qarabağın bərpasında Slovakiya şirkətlərinin iştirakı, xüsusilə “Ağıllı kənd” layihəsi Avropa biznesinin Azərbaycanın bərpa və inkişaf prosesinə inamını nümayiş etdirir. 

Bu, eyni zamanda Qarabağın yenidən qurulmasının yalnız Azərbaycanın daxili layihəsi deyil, beynəlxalq əməkdaşlıq üçün də cəlbedici platformaya çevrildiyini göstərir”. 

O qeyd edib ki, Avropa şirkətlərinin Qarabağda fəallaşmasının geosiyasi əhəmiyyəti də böyükdür: 

“Bu proses bir tərəfdən Azərbaycanın iqtisadi potensialına və sabitliyinə olan etimadı artırır, digər tərəfdən isə regionun gələcək inkişafının əməkdaşlıq və investisiya üzərində qurulduğunu nümayiş etdirir. 

Bu, Ermənistanın illərlə formalaşdırmağa çalışdığı təhrif olunmuş təsəvvürlərin artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmədiyini də ortaya qoyur”. 

Arzuxan Əlizadə vurğulayıb ki, Qarabağın yenidən qurulması regional əməkdaşlığa yeni imkanlar yaradır: 

“Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri və bu prosesə beynəlxalq tərəfdaşların qoşulması ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. 

Qarabağın dirçəldilməsi artıq təkcə milli layihə deyil, regional əməkdaşlıq, iqtisadi inteqrasiya və uzunmüddətli sülhün möhkəmləndirilməsinə xidmət edən mühüm beynəlxalq proses kimi qiymətləndirilə bilər”.