NIPA-30

Rəşad Bayramov: “Fransada Azərbaycana yanaşmanın qısa müddət ərzində köklü şəkildə dəyişməsi inandırıcı deyil”

Prezident İlham Əliyev Azərbaycanla Fransa arasında dövlətlərarası münasibətlərdə yeni dövrün başlandığını bəyan edib.

Bu barədə Azərbaycan Prezidenti fransalı həmkarı Emmanuel Makrona Fransanın Milli bayramı münasibətilə göndərdiyi təbrikdə deyib: “Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir”.

Maraqlıdır, Fransa bu fürsəti doğru dəyərləndirəcəkmi? Gələn ilin mayında Makronun prezidentlik müddəti bitir. O, bunu nəzərə alacaqmı?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov buna bir neçə prizmadan yanaşdı: “Prezident İlham Əliyevin Emmanuel Makrona Fransanın Milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda Azərbaycan–Fransa münasibətlərində “yeni dövrün başlandığı” barədə səsləndirdiyi fikir son illərin gərgin diplomatik fonunda diqqət çəkən mesajdır. Bu yanaşma əslində Azərbaycanın münasibətlərin normallaşdırılması və dialoqun bərpasında maraqlı olduğunu nümayiş etdirir. Son bir neçə ilin təcrübəsi göstərir ki, Azərbaycan-Fransa münasibətlərində yaranmış böhranın əsas səbəbi Bakı ilə Paris arasında hansısa tarixi ziddiyyətlər deyil. Fransanın Cənubi Qafqaz siyasətində müşahidə olunan birtərəfli yanaşma olub. Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra Fransa rəhbərliyinin və parlamentinin qəbul etdiyi bir sıra qərar və qətnamələr, Ermənistanı açıq şəkildə dəstəkləyən siyasi bəyanatlar, eləcə də Azərbaycanın mövqeyini nəzərə almayan çıxışlar iki ölkə arasında etimad mühitinin zəifləməsinə səbəb oldu. Azərbaycan isə bu dövrdə də diplomatik kanalları tam bağlamadı və münasibətlərin normallaşmasına hazır olduğunu müxtəlif səviyyələrdə ifadə etdi. Bu baxımdan mövcud gərginliyin təşəbbüskarı birbaşa rəsmi Parisdir deyə bilərik”.

Daha sonra R. Bayramov bunları qeyd edib: “Prezident İlham Əliyevin son məktubu ilə Azərbaycan bir daha nümayiş etdirir ki, qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan əməkdaşlıq modelinə hər zaman açıqdır. Və biz münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsinin tərəfdarıyıq. Bu, həm iqtisadi əməkdaşlıq, həm enerji təhlükəsizliyi, həm də Avropa ilə regional kommunikasiyaların inkişafı baxımından əhəmiyyət daşıyır. İndi əsas məsələ Fransanın bu mesajı necə qiymətləndirəcəyidir. Emmanuel Makronun prezidentlik müddətinin gələn ilin may ayında başa çatacaq olması onun xarici siyasət prioritetlərinə də təsir göstərəcəkmi? Açığı buna o qədər də inanmıram. Makronun Cənubi Qafqaz siyasətində balanslı mövqe tutmağa çalışacağı ilə bağlı praktik addımlar atacağına dair hələlik kifayət qədər əsas görünmür. Son illərdə formalaşmış siyasi yanaşmanın qısa müddət ərzində köklü şəkildə dəyişməsi inandırıcı deyil.

Bundan əlavə, Fransa daxilində Ermənistanla bağlı formalaşmış siyasi konsensus, güclü diaspor təsiri və müxtəlif siyasi qüvvələrin bu məsələyə yanaşması Parisin siyasətinə təsir edən mühüm amillər olaraq qalır. Bu səbəbdən ikitərəfli münasibətlərin normallaşması təkcə liderlər arasında siyasi dialoqdan deyil, həm də Fransanın regiona münasibətdə daha balanslı və beynəlxalq hüquqa söykənən siyasət yürütməsindən asılı olacaq. Mövcud vəziyyət göstərir ki, Azərbaycan münasibətlərin normallaşdırılması üçün siyasi iradəsini və konstruktiv mövqeyini açıq şəkildə ortaya qoyur. Rəsmi Bakı qarşıdurmanın davam etdirilməsində deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq formatının bərpasında maraqlıdır. Lakin eyni yanaşmanın Fransa tərəfindən nümayiş etdirilib-etdirilməyəcəyi hələ də açıq sual olaraq qalır. Hazırkı siyasi reallıqlar fonunda Fransanın bu fürsəti tam şəkildə və vaxtında dəyərləndirəcəyinə dair nikbin proqnoz vermək çətindir. Bununla belə, əgər Paris gələcək dövrdə Cənubi Qafqaz siyasətinə daha praqmatik yanaşar, Azərbaycanla münasibətlərdə selektiv deyil. Balanslı xətt seçərsə, iki ölkə arasında yeni əməkdaşlıq mərhələsinin formalaşması mümkündür. Əks halda, Prezident İlham Əliyevin dialoq və normallaşma ilə bağlı verdiyi müsbət mesajların praktiki nəticəyə çevrilməsi yenə də əsasən Fransanın atacağı addımlardan asılı olacaq”.