NIPA-30

Radio quraşdırılmayan elektromobillər barədə qanunvercilikdə dəyişiklik edilməlidir? – AÇIQLAMA

Son illər Azərbaycana idxal olunan, xüsusilə Çin istehsalı olan bəzi avtomobillərdə FM radiosunun işləməməsi sürücülərin narazılığına səbəb olur. Bu hal həm texniki uyğunluq, həm də idxal edilən avtomobillərin yerli standartlara cavab verməsi məsələsini yenidən gündəmə gətirib. Elə iki həftə əvvəl Şuşada keçirilən 4-cü Qlobal Media Forumunda ölkə başçısı Prezident İlham Əliyev gürcüstanlı jurnalistin elektromobillərdə radionun olmaması ilə bağlı sualını cavablayıb. O bildirib ki, radionu əsasən avtomobildə olarkən dinləyir.
“Mən ölkə daxilində əsasən avtomobillə hərəkət etdiyim üçün avtomobildə kifayət qədər vaxt keçirirəm. Hər səfər zamanı radionu dinləyirəm. Əsasən də musiqiyə qulaq asıram. Çünki xəbərləri başqa mənbələrdən kifayət qədər alıram. Mən avtomobili radiosuz təsəvvür edə bilmirəm. Belə avtomobillə heç yerə getmərəm. Əgər bu istiqamətdə bizim qoşula biləcəyimiz hər hansı təşəbbüs varsa, sadəcə bizə məlumat verin. Biz onu tam dəstəkləyəcəyik”.

İlham Əliyevin bu cavabı həm texniki uyğunluq, həm də idxal edilən avtomobillərin yerli standartlara cavab verməsi məsələsini yenidən gündəmə gətirib. Bəs bəzi avtomobillərdə FM radio niyə işləmir və Azərbaycana idxal olunan nəqliyyat vasitələri hansı texniki standartlara cavab verməlidir?

Mövzu ilə bağlı  Avtosfer.az-a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadənin fikrincə isə, avtomobillərin texniki təchizatı, o cümlədən FM radio sistemlərinin işləməsi və ya müəyyən funksiyaların məhdud olması əsasən istehsalçı şirkətlərin seçdiyi standartlar və avtomobilin nəzərdə tutulduğu bazarın texniki tələbləri ilə bağlıdır:

“Azərbaycana idxal edilən nəqliyyat vasitələri isə qüvvədə olan texniki reqlamentlərə və təhlükəsizlik standartlarına uyğun olmalıdır. Bununla yanaşı, istehlakçıların hüquqlarının qorunması baxımından vətəndaşlar avtomobil alarkən onun texniki xüsusiyyətləri barədə tam məlumatlandırılmalı, sonradan narazılıq yarada biləcək məqamlar əvvəlcədən aydın şəkildə izah edilməlidir.
Eyni zamanda, ölkəyə idxal olunan avtomobillərin yerli istifadə şəraitinə və kommunikasiya infrastrukturuna uyğunlaşdırılması məsələsinə də diqqət yetirilməlidir. Müasir avtomobillərdə istifadə olunan multimedia və rabitə sistemlərinin ölkədə tətbiq olunan standartlarla uyğunluğu həm sürücülərin rahatlığı, həm də təhlükəsiz və səmərəli istifadə baxımından əhəmiyyət daşıyır. Bu istiqamətdə həm idxalçı şirkətlərin məsuliyyətli yanaşması, həm də aidiyyəti qurumların nəzarət mexanizmlərinin effektivliyi istehlakçı məmnuniyyətinin təmin edilməsində mühüm rol oynayır”.